Anar Əsədli Uyğur Araşdırma İnstitutunun Başqanı ilə görüşdü – FOTOLAR

Azərbaycan Yüksəliş (AY) Partiyasının Başqanı Anar Əsədli bu gün Ankarada Uyğur Araşdırma İnstitutunun Başqanı, Dünya Uyğur Qurultayı Başqanının müavini Erkin Əkrəmlə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə AY Partiya Başqanının Birinci müavini – partiyanın İcra Aparatının rəhbəri Bəhrəm İsmayılov, Başqanın müavini Elşad Abdullayev və Başqanın məsləhətçisi Rza Heyət, Dünya Uyğur Qurultayının Baş Katibi Erkin Emet iştirak ediblər.

Erkin Əkrəm bildirib ki, Türkiyə, Azərbaycan, digər Türk dövlətlərinin bir araya gəlməsi üçün təkcə ən üst, yəni dövlət rəhbərlərinin yox, müxtəlif rəsmi qurumların da koordinasiyalı şəkildə birgə fəaliyyət göstərməsi vacibdir. Türk dövlətləri nə qədər güclü olsa, Uyğur, İraq türkmənləri, Güney Azərbaycanda yaşayan soydaşlarımıza daha çox dəstək verə, beynəlxalq aləmdə haqq səslərin i daha çox eşitdirə bilər.

Anar Əsədli isə Uyğur türkləri də daxil olmaqla müxtəlif bölgələrdə yaşayan türk toplumlarının ortaq mərkəzlərin yaradılmasını vacib sayıb. O bildirib ki, Türk siyasətçilərin dünya üzrə bir mərkəzi qurulsa, çox faydalı olar. AYP Başqanı Partiyada Başqan yanında Türk Dünyası üzrə Məsləhətçilər Şurasının yaradıldığını diqqətə çatdırıb, əlavə edib ki, artıq bir neçə bölgədən məsləhətçisi var, Uyğur və Şərqi Türküstandan da məsləhətçinin olması arzu edilir.

Anar Əsədli Erkin Əkrəmə Azərbaycan bayrağı və Vətən müharibəsinin rəmzi olan Xarı bülbül nişanı, qarşı tərəf isə AYP Başqanına Uyğur dilində “Qutadğu Bilik” kitabını hədiyyə edib.
Daha sonra AY Partiya Başqanı ABŞ-da fəaliyyət göstərən “Hürr” radionun Uyğur dilindəki şöbəsinə müsahibə verib.