“Sabiq nazir şimal bölgəsinə səfər etdi və qapadılmış teatrların yenidən açılacağına söz versə də, bu istiqamətdə heç bir addım atmadı”.
Bu fikirləri vəzifəsindən azad olunan keçmiş mədəniyyət naziri Anar Kərimovun fəaliyyətsizliyindən və yanlış kadr siyasətindən danşan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni nazir əvəzi Nazirlikdə və onun strukturlarında kadr siyasətinə yenidən baxmalı, quruma münasibətdə ictimai etimadın bərpasına imkan verən addımlar atmalıdır:
“Çox təəssüf ki, ölkədə həyata keçirilən dəyişikliklərin yeni mərhələsində mədəniyyət naziri postuna təyin edilən Anar Kərimov gözləntiləri doğrultmadı və fəaliyyəti ilə özündən əvvəl yaranmış problemlərin həllinə nail olmaq əvəzinə, onların daha da dərinləşməsinə yol açdı.
Sabiq nazirə ünvanlanan tənqidlərdə ən qabarıq məqam ilk növbədə onun kadr siyasəti ilə bağlı idi. Mətbuatda və sosial şəbəkələrdə yazılanlara əsaslansaq, ölkə üzrə yaradılmış regional mədəniyyət idarələrinin əksəriyyətinə bu sahə ilə heç bir əlaqəsi olmayan şəxslər təyin olunmuşdu. Belə olan halda isə effektli fəaliyyətdən danışmağa dəyməzdi.
Eyni zamanda Nazirlikdə aparılan yoxlamalar nəticəsində aşkarlanan faktlar da bu qurumun, onun rəhbərliyinin nüfuzuna ciddi zərbə vurmuşdu. Humanitar sahəyə aid olan, funksiyası mədəni irsimizin qorunmasına və mədəniyyətimizin inkişafına yönəlik çalışmalı olan bir qurumda korrupsiya hallarına yol verilməsi vəziyyətin nə qədər ağırlaşdığını göstərirdi.
Nazirin özünün də hər hansı əməli fəaliyyətinin olmadığını söyləyə bilərəm. Məsələn, mən əslən mədəni ənənələri ilə seçilən Quba rayonundanam. Sabiq nazir şimal bölgəsinə səfər etdi və problemlərin həll olunacağına, qapadılmış teatrların yenidən açılacağına söz verdi.
Amma buna baxmayaraq, Azərbaycanın bır sıra məşhur aktyorlarının vaxtilə işlədikləri, püxtələşdikləri Quba teatrının fəaliyyətinin bərpası istiqamətində heç bir addım atılmadı. Yaxşı, ali incəsənət təhsili alan əyalət gəncləri harada işləməlidirlər, ali məktəbdən məzun olan aktyorlar harada çalışmalıdırlar? Keçmiş nazir məhkəmə işçisini mədəniyyət sahəsində yüksək vəzifəyə təyin etməklə nəyə nail olacaqdı?
Ona görə də hesab edirəm ki, yeni nazir əvəzi Nazirlikdə və onun strukturlarında kadr siyasətinə yenidən baxmalı, quruma münasibətdə ictimai etimadın bərpasına imkan verən addımlar atmalıdır”.
A.Zeynalov