İynəli adamlar, paxıl adamlar və sadəcə, insan olanlar üçün!
Soyuq havada adamın ocağa can atmağı, özünü isti yerə verməyi gəlir, bir hovur dinclik çəkir özünə. Soyuqluq üşüdür adamı – hər şeydən, hər kəsdən. Amma günəşi, yayı həmən arzulayan, istəyən olmur… Olmayasıdı çünki. İstəməklə, arzulamaqla deyil ki…
Qış da bildiyini eləyir, bilir ki, qabaqda onu unutduran yaz var. Həm də olmayası nələrsə var – vaxt özü bunu diqtə edir – hesablaşmadığımızı zənn etdiyimiz vaxtı deyirəm. Amma biz vaxtla, fərqinə varmadan necə də gözəl hesablaşırıq!
Doğrusu, heç yayın da vecinə deyil, onun fəslində adamların qışı arzulamamaları. Payızın əlində ölüb qalan yayın meyiti də təsəlli deyil yandırıb yaxdığı adamlara. Yaydı da, yayılır geninə-boluna – dərə aşağı, dağ yuxarı.
Heç payıza da “sağ ol” deyən yoxdu yayın axırına çıxdığına görə. Yerini qışa verdiyi üçün xəyanətdə də ittiham etmirlər. Payız xəyanətkar deyilmi?
Bircə yazdı – nə istisi, nə soyuğu, nə də rəngi qıcıq yaradır. İsti də olsa, soyuq da olsa, rəngi açılsa da, tutulsa da, yazdı ki yaz. Onsuz da “sevimli” adını qazanıb.
Hə də, fəsillər var və həm də fəsil adamlar(ı) var…
Paxıl adamlar – qış adamlar – insan olanların – yaz adamların vecinə deyil.
İynəli adamlar – yay adamlar – insan adamların – yaz olanların vecinə deyil.
Yaz adamlar payız adamları – xəyanətkar adamları görməzlikdən gəlirlər.
Amma yaz adamların bir işıq saçmaq missiyası var… Qışda da, yayda da, payızda da – bütün hallarda işığa ümiddirlər, ümidlidilər. Çünki işıqlı olmaq insanı xilas edir, həm də qorxulu və vahiməli “qaranlıq”lardan…
Həmişə bizdən kimsə nəsə istəyir. Bəzən heç kimə nəinki “yox” demirik, hətta təşəkkür edirik. Çünki istəmək bizim varlığımızı qəbul etməkdi. Çünki ala biləcəyi qədər istəyir adam. “Allahdan istə” deyəndə unuduruq: Allahdan verə biləcəyi şeyləri istəməyi “məsləhət” görərlər. Adamlar Allah deyil və özlərini bu dərgahda görmək cəhdi günahların ən iyrəncidir.
Xalqın içində, ictimai-siyasi tədbirlərdə tez-tez eşidirik və onsuz da narahat ürəyimiz içindən oyulur. Doğrudanmı, adamlar həyatın anlamından – işıqdan bu qədər uzaq düşüb? Allahın öz nurundan yaratdığı bu işığın içini şeytanın kor qoyan odunun qaranlığı, qaralığı nə vaxt işğal edib? Axı min il, milyon il deyil ki, deyəsən şeytan imkan tapdı. 40-50-60 yaşlı adamlar o boyda nuru nə tez təslim etdilər?
Təsəvvür edin, elə adam nümayişkaranə şəkildə danışır ki, filankəs məni bezdirib, bəhmənkəs üçün filan işi etdim, adamın ayagının altı “titrəyir”.
Yenə də təsəvvür edin ki, elə adamlar nümayişkaranə şəkildə irad bildirir, ağıl verir, dəhşətə gəlirsən. Daha deyə bilmirsən ki, ay uşaq, sən kim olursan axı? Səndəmi qeybi bilirsən? O sənmiydin ad qoyan, adam edən, yaradan, yaşadan?
İynəli adamlar elə zənn edirlər ki, hədəfi “doqquzluq”, “onluq”la “çökdürdülər”. Fərqinə də varmırlar ki, iynəsini özündə də tapa, görə bilər.
Paxıl adamların hansı düşüncəylə kimləri hara və nəyə layiq görməmələri də, hansı zirvədə görmələrini dilə gətirmələri də təəccüb doğurur. Axı hansı ölçü-mizanla kiməsə nəyisə rəva görürsən və yaxud da layiq bilmirsən? Yaşadığın nə?
Dünyada tükənməyən bir işıq var. İşığa doğru olmaq zamanını kimsə dəyişə bilməz.
Ömrün qışını da, yayını da, payızını da unutmaq olur. Amma yazı yox, onu unuda bilməzsən. Yaz unutdurmur, yaşadır.
Adamların paxılını da, iynəlisini də, xəyanətkarını da unutmaq olur, epizodik yada düşsələr də. Amma işıqlı adamları heç vaxt unutmurlar.
Şair necə demişdi:
“Çiçəklər doğulur bu yaz gecəsi,
bu yaz gecəsində ölməyə nə var?!
Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından, –
bu yaz gecəsində ölməyə nə var?!
(trend.az)