Bakıda Yeni il gecəsi kafedə bayram süfrəsi arxasında əyləşən tanışların mübahisəsi dəhşətli cinayətlə bitib.
Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, kafenin icarədarının oğlu kababçını və müştərini qətlə yetirməktə şübhəli bilinir.
Hadisə ötən gün saat 23 radələrində paytaxtın Binəqədi rayonun, Biləcəri qəsəbəsində, dəmiryolu stansiyası yaxınlığındakı kafedə baş verib.
Binəqədi Rayon Prokurorluğunun məlumatına əsasən, 22 yaşlı Arif Bəhərçiyevin qeyd olunan ünvanda mübahisə zamanı 55 yaşlı Namiq Orucovu və 42 yaşlı Ramil Səfərovu bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Kafenin nəzarətçisi Dilsuz Umudov bildirib ki, qətli törətməkdə şübhəli bilinən Arif Bəhərçiyevin atası və anası həmin kafeni işlədirmiş. İlkin məlumata görə, Arif əvvəlcə anasını döyüb, daha sonra isə mətbəx bıçağı ilə kababçını və onları ayırmağa çalışan Ramil Səfərovu qətlə yetirib.
Göygöl rayonundan olan Ramil Səfərovun anası isə bildirib ki, oğlu axşam onlarla bərabər olub. Daha sonra isə onu həmin kafedə işləyən bir nəfər zəng edərək oraya çağırıb. Təxminən 20 dəqiqə sonra isə oğlunun öldürüldüyü xəbərini alıb.
Baş Prokurorluğun Mətbuat Xidmətinin prokuroru Aysel Həsənova bildirib ki, şübhəli şəxs artıq saxlanılıb.
Qeyd edək ki, Bəhərçiyevlər ailəsi həmin kafeni bir müddət bundan əvvəl icarəyə götürüblər.
Ətraflı süjetdə:
***10:40
Dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Binəqədi Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ərazidə aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Bəhərçiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.