And yerinə çevrilən ŞƏHİDLƏRİMİZ: “İnsanlarımız birlik, həmrəylik ruhuna kökləniblər”

“Xalqımız kədəri də, sevinci də həmrəylik ruhuna sarılaraq qarşılamağı bacarır”.

Bu sözləri Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbçilərimizdən danışan Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin sözlərinə görə, şəhid olan hərbçilərimizin qarşılanması anları, habelə vida və dəfn mərasimləri həqiqətən də olduqca qürurverici, duyğulu anlardır:

“Biz həm şəhidlərimizlə, həm də xalqımızla gerçəkdən qürur duymalıyıq. İnsanlarımız sözün əsl mənasında birlik, həmrəylik ruhuna kökləniblər. Hər kəs şəhidlərə öz doğması, əzizi kimi yanaşır. Rayonlarda, kəndlərdə, paytaxtın özündə şəhid cənazələrinin izdihamla qarşılanması anları bir daha onu göstərir ki, bu xalq öz qəhrəmanlarını uca tutur. Şəhidlər bir ailənin övladı olmaqdan çıxıb millətimizin and yerinə çevrilirlər. Son mənzilə yola salınan şəhidlərimizin valideynlərinin acısına, ürək yanğısına bütün el-oba şərik çıxır.

Şəhidlərimiz son mənzillərinə uşaqdan böyüyə qədər hər kəsin duaları və gözyaşlarının müşayiətilə yola salınır. Şəhidlərimizin cənazələrinin üzərindəki Azərbaycan bayrağının onların valideynlərinə, doğmalarına təqdim olunması anlarını həyəcansız izləmək mümkün deyil. Qürur hisslərimiz, kədərimiz bir-birinə qarışır. Milli həmrəyliyimiz bu anlarda özünü daha bariz surətdə göstərir. Xalqımız kədəri də, sevinci də həmrəylik ruhuna sarılaraq qarşılamağı bacarır. 12 sentyabrdan 13 sentyabra keçən gecə düşmənin xaincəsinə hücumu və genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhadətə qovuşan hərbçilərimizin əziz ruhları qarşısında baş əyirik! Şanlı Ordumuz onların qisasını yerdə qoymadı. Düşmənə sarsıdıcı zərbə vuruldu. Təcavüzkar Ermənistan terror və təxribat cəhdlərinin əvəzini ağır şəkildə ödəyir və ödəyəcək”.

Gülşən Şərif