Andrey Plenkoviç ölkə prezidenti ilə bütün əlaqələri buna görə kəsdi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Rusiyayönümlü mövqeyinə görə ölkə prezidenti Zoran Milanoviçlə bütün təmasları kəsib.

Yenicag.az xəbər verir ki, məlumatı “Yevropeyskaya pravda” yayıb.

“Biz Milli Təhlükəsizlik Şurası formatında onunla görüşmək niyyətində deyilik. Biz birmənalı olaraq onunla üz-üzə gəlmək istəmirik. Biz onunla görüşməyə vaxt sərf etməyə hazırlaşmırıq. Siyasi partiyaya, hökumətə və bir çoxumuza fərdi olaraq bu qədər vulqar və qıcıqlandırıcı şəkildə davranan biri ilə vaxtı itirmək və fiziki təmasda olmaq fikrində deyilik”, – Baş nazir vurğulayıb.

Məlumata görə, Zoran Milanoviç Baş nazirin başçılıq etdiyi partiyanın keçmiş Yuqoslaviyanın xüsusi xidmət orqanları ilə əlaqədar olduğunu bildirib. Bundan sonra Andrey Plenkoviç onunla təmasları dayandırdığını bəyan edib.

Baş nazir onu Rusiyayönümlü baxışlarına görə tənqid edib: “Mən onun casus olub-olmadığını deyə bilmərəm. Ancaq son iki ayda o, Xorvatiyanın xarici siyasətinə çox böyük zərbə vurub. Bu hökumət fəaliyyətdə olduğu müddətdə heç bir nazir onunla səfər etməyəcək, ümumi görüş və konfrans təşkil etməyəcək”.

Hökumət başçısı əlavə edib ki, Prezident Nazirlər Kabineti və partiyasını “quldur” adlandırmaqla bütün sərhədləri aşıb.

Məlumata əsasən, bu ilin yanvarında Zoran Milanoviç bildirmişdi ki, Rusiya ilə gərginlik yaranacağı halda NATO-da Ukraynaya yer olmayacaq.