“Android”də sistem boşluğu – Yüklənmiş fayllar silinir

Google şirkətinin öz əməliyyat sistemi olan “Android 9” əməliyyat sistemində aşkar edilmiş yeni sistem boşluğu yüklənmiş faylları kökündən silir 

Yenicag.az xəbər verir ki, “Android” smartfonlarda yüklənmiş bütün fayllar avtomatik olaraq “Downloads” qovluğuna əlavə olunur.

Lakin “Android 9” istifadəçilərindən birinin yanvar ayının sonunda təqdim etmiş olduğu hesabatda qeyd edilib ki, yüklənmiş faylların və fotoların “Downloads” qovluğundan başqa qovluğa keçirtmək cəhdi nəticəsində sistem onları kökündən silə bilər. Bu proses smartfonun gözləmə rejiminə keçirilməsi zamanı baş verir. Sözügedən sistem boşluğu həmçinin “Downloads” qovluğunun adının dəyişdirilməsi cəhdi zamanı da özünü göstərir.

Məlumatda qeyd edilib ki, hal hazırda “Android 9″da yüklənmiş faylların təşkili qeyri stabildir. Buna görə də kənar tətbiq tərtibatçıları fayllar ilə fotoların digər qovluqlara kopyalanmasını məsləhət görmürlər.

Yüklənmiş fayllar çox vacib fayllardırsa onları bulud servislərə və ya kompüterlərə yükləmək məsləhət görülür. Google şirkəti öz növbəsində sözügedən sistem boşluğu barəsində heç bir fikir bildirməyib.