“Anıtkabir” cəlalı və Rəsulzadə məzarı: Cümhuriyyət qurucularına iki fərqli baxış – Aqil Bəkir yazır

Türkiyə Mədəniyyət və Turzim Nazirliyinin dəvəti il Ankarada olarkən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banisi Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdik.

Təbii ki, iki böyük öndərin məzarını ziyarət qəlbimdə xüsusi hisslər oyatdı. Kövrəldim.

Türkiyədə insanların Atatürk sevgisini aydın şəkildə gördüm. Küçəyə çıxma yasağı olsa belə, təyin edilmiş saatlarda qısamüddətli icazəsini “Anıtkabir”i ziyarət üçün sərf edən vətəndaşların var olması Atatürk xatirəsinə sayğıdan irəli gəlir.

“Anıtkabir” onlar üçün müqəddəs ziyarət yeridir və milyonlarla insan bu ziyarətləri ilə özlərinə Cümhuriyyət kimi bir miras qoyub getmiş Atatürkə minnətdarlıqlarını bildirirlər.

Səfər proqramına əsasən, əvvəl Atatürkün, daha sonra isə Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarət etdik. Rəsulzadənin məzarı Ankaradakı “Asri” məzarlığındadır. Üzərindəki bayraqlarla digər məzarlardan seçilir. Ziyarət sırasında ona İslam aləmində ilk Demokratik Cümhuriyyətin qurucusu olma kimi böyük bir vəzifəni üstlənməsindən və Şərq tarixinə Azərbaycan adını qazınmamaq şərtilə yazmasından dolayı təşəkkürümü bildirdim, ruhu qarşısında baş əydim…

İnsan müqayisələri sevir. Məzarlıqdan çıxdıqdan sonra beynimdə istər-istəməz Atatürk və Rəsulzadəyə olan münasibətin müqayisəsi dolaşmağa başladı: Cümhuriyyət qurucusuna Türkiyədə və Azərbaycanda göstərilən münasibət…

“Anıtkabir” bələdçisinin Atatürk haqqında necə şövqlə danışdığını sadəcə, görmək lazım idi. Rəsulzadənin məzarı ətrafında isə sükut hökm sürürdü.

“Burada Azərbaycan xalqının böyük mütəfəkkiri, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin büstü qoyulacaqdır”

Yadıma düşən bu cümlə Bakı Dövlət Universitetinin (BDU) həyətindəki yarımçıq abidədəndir. İllərdir, o daş Rəsulzadənin büstünü gözləyir. Lakin nə o daşı götürürlər, nə də büstü qoyurlar.

Bəs niyə? Niyə Cümhuriyyətimizin banisinə belə münasibət göstərilir? Niyə onun məzarı başqa ölkədədir, öz ölkəsində isə adını daşıyan yerlərin sayı bir əlin barmaqlarından çox deyil?

2018-ci ilin prezident tərəfindən “Cümhuriyyət ili” elan olunması ilə Rəsulzadəyə qarşı səbəbi bilinməyən “unutdurulma” siyasətinin dəyişəcəyini umduq, ancaq yenə də olmadı. Son nəfəsində də “Azərbaycan” deyən böyük şəxsiyyətə bu münasibətin qaynağı haradandır belə? Cavabı bilinən, ancaq dilə gətirilməyən suallar…

Çox utandım. Rəsulzadənin məzarını ziyarət edərkən onun qarşısında başı dik dayanmağa utandım. Heçdən Cümhuriyyət quran şəxsiyyətə müstəqilliyini yenidən qazanan müasir Azərbaycandakı münasibətdən utandım. Bu utanc hissi Bakıya döndüyümdə artdı ki, azalmadı…

Tarix heç kimi və heç nəyi unutmur. Tarixin gerçəyi bu günün yalanını faş edəcək və mütləqdir ki, həqiqət bir gün parlayacaq. O günə qədər isə əlimdən yalnız bunları yazmaq gəlir.

Bağışla, Rəsulzadə!