Ankara Aİ ilə danışıqlardan geri çəkiləcəkmi? – Politoloq fikri

Ölkədə uğurla başa çatan referendumdan sonra prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Avropa İttifaqı ilə danışıqlardan çıxmaq barədə də referendum keçirə bilər.

Qeyd edək ki, Aİ artıq 54 ildir ki, Ankaranın bu quruma üzv olmaqla bağlı təkliflərini qəbul etmir. Hətta Türkiyə Aİ-nin onun qarşısında qoyduğu tələbləri də tam olaraq yerinə yetirib. Amma yenə də Aİ Ankaranı quruma yaxın buraxmır. Belə bir fonda Türkiyə prezidenti Ərdoğan bəyan edir ki, ölkəsi Aİ ilə danışıqları dayandırmaq məsələsində xalqın dəstəyini almaq üçün referenduma müraciət edə bilər.

Görəsən, Ankaranın belə bir addıma getməsi nə dərəcədə mümkündür və onun baş verməsi gələcək perspektivlər üçün nə vəd edir?

Politoloq Elşən Mustafayev Yenicag.az-a açıqlamasında bildirdi ki, Aİ ilə danışıqları dayandırmaqla bağlı referendum məsələsini ortaya atmaqla əslində Ərdoğan Avropa ölkələrinin nəbzini yoxlamaq qərarına gəlib:

“Ərdoğan uzun müddətdir hakimiyyətdədir və bu müddət ərzində Avropa İttifaqına üzvlük və vizasız gediş-gəlişlə bağlı aparılan danışıqlarda hər hansı bir irəliləyiş gözə dəymir. Sadəcə onu bilirəm ki, Türkiyənin Avropaya arxasını çevirməsi qardaş ölkəyə hərtərəfli şəkildə xeyir gətirəcək bir addım olmaz. Bunu Türkiyə prezidentinin özü də anlayır. Bu fonda Aİ danışıqları dayandırmaqla bağlı referendum keçirə biləcəyini deməklə əslində, izah etməyə çalışır ki, Aİ Türkiyəyə nə qədər lazımdırsa, Türkiyə də həmin quruma bir o qədər lazımdır. Yəni referendum məsələsini ortaya atmaqla əslində, bu amili mesaj olaraq gündəmə gətirib. Amma düşünmürəm ki, Türkiyə Aİ danışıqlarını dayandırsın və ona arxa çevirsin. O zaman Ankara üzünü hara çevirəcək, Çinə, Rusiya tərəfəmi? Rusiya ilə Türkiyə arasında ortaq məxrəcə gəlməyə əngəl olan ciddi problemlər var. Amma Avropa İttifaqı ilə Ankaranın ortaq məxrəcə gələcəyi məsələlər daha çoxdur. Son zamanlar bilirsiniz ki, Avropada Türkiyə hakimiyyətinə qarşı neqativ münasibətlər artıb. Türkiyənin yeni referendum məsələsinin gündəmə gətirilməsi də məhz bu amildən qaynaqlanır. Lakin bütün hallarda Ankaranın Aİ ilə danışıqlardan çıxmaqla bağlı referenduma gedəcəyini düşünmürəm. Belə bir qərar verilməyəcək”.

Politoloq Elşən Manafovun fikrincə isə Ərdoğan ölkə daxilində qarşıdurmaya səbəb ola biləcək amilləri aradan qaldırdıqdan sonra, Aİ ilə danışıqlardan geri çəkilməklə bağlı referendum məsələsini gündəmə gətirə bilər:

“Türkiyə ilə Avropa İttifaqı arasındakı münasibətlərdə yaşanan gərginliyin səbəbkarı məhz elə Aİ-dir. Ankara uzun illərdir ki, Aİ-nin qapısını döyür. Bu illər ərzində də Türkiyə ittifaqın onun qarşısında qoyduğu şərtləri tam mənada ödəyib. Sonuncu şərtlərdən biri də Türkiyənin Konstitusiyasındakı dəyişikliklərlə, Silahlı Qüvvələrin dövlətə tabe etdirilməsilə bağlı idi ki, həmin tələblər də Ankara tərəfindən artıq icra olunub. Ölkədə hüquqi, məhkəmə islahatları həyata keçirildi. Amma ondan sonra da Aİ israrla Türkiyəni öz ailəsinə qəbul etməyəcəyini ortaya qoydu. Türkiyənin iqtisadi, maliyyə, hərbi qüdrətinin getdikcə artması və bu ölkənin ən əsası müsəlman dövləti olması Aİ-nin xristian təəssübkeşliyi çəkən dairələrini narahat edib. Türkiyədə yaşanan terror hadisələrinə münasibətdə də Aİ rəsmiləri bir çox hallarda susqunluq nümayiş etdirdilər. Fətullah Gülən, habelə paralel dövlətlə bağlı məsələdə Aİ-nin Türkiyə hökumətini ittiham etməsi də münasibətlərdəki gərginliyi artırdı. Sona çatan referendumla bağlı da Avropa dövlətlərinin hakim dairələri onun ittifaqın standartlarına cavab vermədiyi barədə cəfəng fikirlər səsləndirdilər. Nəticədə, onlar Türkiyəni öz ailələrində görmək istəmədiklərilə bağlı fikirlərini qabarıq şəkildə büruzə verdilər.

Türkiyənin İslam dünyasının digər dövlətləri üçün etalon, örnək olmasına baxmayaraq, Aİ bu amilləri nəzərə almır. Belə bir vəziyyətdə Ərdoğan bəyan edib ki, Aİ ilə danışıqlardan imtina barədə də referendum keçirə bilər. Düşünürəm ki, bu nəticənin reallaşması üçün 2019-cu ili gözləmək lazım gələcək. Son referendumda seçicilərin 48,6 faizi təkliflərə “yox” cavabı verdi. Türkiyənin iri şəhərlərində də seçicilər əsasən “yox” cavabı verdilər. Eyni zamanda bu həmin şəhərlərdə türk iş adamları, maliyyə dairələri, bankların da “yox” fikrini dəstəklənməsi anlamında qəbul olunmalıdır. Belə olan halda Aİ ilə gərginliyi artırmaq əvəzinə, Türkiyə hökuməti ilk növbədə daxildə vətəndaş həmrəyliyi və birliyini təmin edəcək addımlar atmalıdır. Çünki müxalifətlə aparılan danışıqlarda əldə olunacaq razılaşmalar Türkiyənin gələcək təhlükəsizliyinin qarantı ola bilər. Ona görə də Aİ ilə bağlı referendum məsələsini həll etmək üçün Ərdoğan ilk növbədə Türkiyə cəmiyyətində qarşıdurmaya səbəb ola biləcək amilləri aradan qaldırmalıdır. Məhz bu amil öz həllini tapdıqdan sonra Türkiyə Aİ ilə münasibətlərə yenidən baxa bilər. Amma onu da qeyd edək ki, Türkiyənin ən böyük iqtisadi partnyorları məhz Aİ-yə daxil olan ölkələrdir”.

ELÇİN

Yeniçağ.az