“Türkiyənin Fərat çayının sağ sahilində əməliyyat keçirməsi prezident Ərdoğanın bu barədə bəyanat verdiyi andan etibarən, gözlənilir”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ankaraya səfərinin nəticələrini və Türkiyənin Suriyada nəzərdə tutduğu hərbi əməliyyatı dəyərləndirən Rusiyalı ekspert İvan Starodubtsev deyib.
İvan Starodubtsevin sözlərinə görə, Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq bəyanatı regionda yeni situasiya yaradıb:
“Boltonun Ankaraya gəlişinin məqsədi hələ səfər baş tutmazdan əvvəl məlum idi. Çünki səfərdən öncə həm Tramp, həm də Bolton Türkiyənin YPG-PYD üçün təhlükəsizlik təminatı verməsinin vacibliyindən danışırdılar. Bu isə Türkiyə üçün əlbəttə ki, qəbuledilməzdr.
Nəticədə Ərdoğan Boltonla görüşdən imtina etdi, Türkiyə heyəti isə tamamilə ikinci şəxslər səviyyəsində təmsil olundu. Danışıqların nəticəsinə gəldikdə isə hər şey göz qabağındadır.
Trampın ABŞ gərbi kontingentini Suriyadan çıxarmaq bəyanatından sonra Amerika Yaxın Şərq regionunda “başını və hərəkətini itirmiş fil”ə bənzəyir. Bu isə sağlam düşünə bilən istənilən ölkəni daha işlək formata – indiki halda Türkiyə, Rusiya və İran əməkdaşlığını ehtiva edən Astana prosesinə yönləndirir.
ABŞ-ın regiondan hətta qismən çıxması belə bölgədə müəyyən vakuum yaradacaq və Astana formatı iştirakçılarını birinci şəxslər səviyyəsində məsləhətləşməyə sövq edəcək. Fikrimcə, ilin ilk həftələri belə məsləhətləşmələrlə əlamətdar olacaq.
Türkiyənin Suriyanın şimalında, dəqiq desək, Fərat çayının sağ sahilində əməliyyat keçirməsi prezident Ərdoğanın bu barədə bəyanat verdiyi andan etibarən, gözlənilir.
Lakin Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmağa dair bəyanatı yeni situasiya yaratdı və əsas ölkələr öz hesablamalarına yenidən nəzər salmalı oldular. Ona görə də yaranmış vəziyyətə qismən aydınlıq gəlməyənə qədər Türkiyənin kəskin addımlar atacağını düşünmürəm”.