Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ankara üçün yeni alternativ: “Türkiyə bir müttəfiq kimi NATO-ya lazım deyilsə...” – Azərbaycanlı polkovnik 

“Türkiyə “S-400” məsələsində prinsipial davrandığı kimi, SU-57 təyyarələrinin alınmasında da eyni qətiyyətlə davranacaq”. 

Bu fikirləri Yenicag.az-a açıqlamasında Türkiyənin NATO-nun F-35 hərbi təyyarələrinin istehsalı üzrə proqramından kənarlaşdırılması qərarının mümkün nəticələrini dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin fikrincə, haqqında danışılan bu proses geosiyasi ziddiyyətlərin nəticəsidir: “NATO hava hücumundan müdafiə sistemlərinin alınması üzrə Türkiyənin qarşısında müəyyən şərtlər qoysa da, Ankara o tələbləri qəbul etmədi. Nəticədə öz hava məkanının təhlükəsizliyini təmin etməkdə qətiyyətli davranan Türkiyə bu sahədə Rusiya ilə əməkdaşlığa meylləndi. Düşünürəm ki, bu, Türkiyənin şəraitə uyğun olaraq atdığı düzgün addımdır. Qardaş ölkə bu qərarı ilə müstəqil siyasət yürütdüyünü, onunla təhdid dilində danışmağın yolverilməz olduğunu bir daha göstərdi. Ankaranın bu qərarı həm də o demək idi ki, əgər Türkiyə bir müttəfiq kimi NATO-ya lazım deyilsə, NATO və ABŞ da Türkiyəyə lazım deyil”.

Ramaldanov hesab edir ki, Türkiyənin “F-35 proqramı”ndan kənarlaşdırılması Vaşinqtonun Ankaraya yönəlik təzyiq siyasətinin davamıdır: “Türkiyə “F-35”-ləri əldə etmək üçün qarşısına hansısa şərt qoyulacağı halda, Rusiyadan SU-57 təyyarələri alacağını bəyan etmişdi. Ankara bununla müstəqil siyasətindən geri çəkilməyəcəyini nümayiş etdirmiş oldu. Ancaq düşünmürəm ki, ABŞ və Türkiyə arasında yaşanan gərginlik qardaş ölkənin NATO-dan çıxması ilə nəticələnsin.

Dəfələrlə şahidi olmuşuq ki, ABŞ onun iradəsinə qarşı davamlı müqavimətlə üzləşəndə, müəyyən güzəştlərə gedə bilir. Bunu Şimali Koreya, Suriya, İran və İraqın nümunəsində görmüşük.

Türkiyə Silahlı Qüvvələri çox yüksək döyüş qabiliyyətinə malik ordudur və NATO-nun mühüm əməliyyatları onların iştirakı olmadan keçirilmir. O baxımdan, hazırda müşahidə olunan gərginliyin keçici olduğnunu söyləyə bilərik. Türkiyə “S-400” məsələsində prinsipial davrandığı kimi, SU-57 təyyarələrinin alınmasında da eyni qətiyyətlə davranacaq. Yeri gəlmişkən, öz texniki parametrlərinə görə “SU-57”-lərin “F-35”-lərdən heç də geri qalmadığı vurğulanmalıdır. Türkiyənin öz dövlət maraqlarını sona qədər qoruyacağı şübhəsizdir”.

Səxavət Məmməd

www.yenicag.az

1820