Ankarada “Nümunəvi Həkim Olmağa Doğru” Forumu keçiriləcək

Oktyabrın 7-8-də Ankara Universiteti Tibb fakültəsində “Nümunəvi Həkim Olmağa Doğru 5” Forumu təşkil olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Xanəlioğlu verib.

Sədr bildirib ki, sözügedən dərnək aşağıdakı məqsədlər üçün ötən illərdə müxtəlif fəaliyyətlər gerçəkləşdirib, çox saylı tədbirlər təşkil edib:

“Heç şübhəsiz ki, bunların arasında ən önəmli yeri “Nümunəvi Həkim Olmağa Doğru” forumları tutmaqdadır. Birincisini hələ dərnəyimizin qurulmasından öncə – 2011-ci ildə təşkil etdiyimiz Forumun beşincisi bu il – 7-8 oktyabr tarixində Ankara Universiteti Tibb fakültəsində həyata keçiriləcək.

Ötən illər ərzində forumlarımızda Azərbaycanın səhiyyə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Səhiyyə Komitəsinin Sədri, Türkiyədəki universitetlərin rektorları ve tibb fakültələrinin dekanları da daxil olmaqla siyasət, təhsil və səhiyyə dünyasından yüksək səviyyəli şəxslər iştirak edib.

Bu il də əvvəlki illərdə olduğu kimi, forumda başda Türkiyə olmaq üzərə Azərbaycan, Almaniya, Rusiya və başqa ölkələrdən gənc həkimlərin, eləcə də tibb sahəsində təhsil alan tələbələrin iştirak edəcəyi gözlənilir. Burada önəmli mövzular ətrafında panellərin təşkil olunacağı maraqlı bir program hazırlayırıq. Tədbirdə Türkiyə Cumhuriyyəti və Azərbaycan Respublikasının nüfuzlu dövlət adamları və mütəxəssislərinin iştirakı planlaşdırılır”.

Xanəlioğlu ötən illərdə Azərbaycanla Türkiyə arasında tibb sahəsində çox sıx əməkdaşlıq qurulduğunu, təcrübə mübadiləsi aparıldığını bildirib:

“Müstəqilliyimizi qazandığımız 1991-ci ildən bu günə qədər ölkəmizdən 1000-dən çox gənc həkim müasir standartlarda tibb təhsili almaq üçün qardaş ölkə Türkiyəyə üz tutub.

Bu gün 200-dən çox uzman həkim Azərbaycanın dövlət və özəl xəstəxanalarında müxtəlif tibb sahələrində xidmət göstərir. Əlavə olaraq, 1000-ə yaxın tibb tələbəsi və residentlər təhsillərini Türkiyənin qabaqcıl universitetlərində davam etdirirlər.

Azərbaycanlı Həkimlər Dərnəyi tibb sahəsində təhsil alan və xidmət göstərən Azərbaycanlı həkimlər, səhiyyə işçiləri və tələbələrin həmrəyliyini təmin etmək, ehtiyac və problemlərini müəyyənləşdirərək bunlara həll yolu tapmaq, onların mütəxəssis olaraq yetişməsinə töhfə vermək, eləcə də Azərbaycan ilə Türkiyə və digər ölkələrdəki səhiyyə sistemləri arasında körpü qurmaq məqsədi ilə 2014–cü ildə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanlı həkimlər və tibb tələbələri tərəfindən yaradılıb”.

COP29