Ankarada “Qərbi Azərbaycandan məcburi köç” adlı beynəlxalq simpozium keçirildi

Türkiyənin paytaxtı Ankarada Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Mədəniyyətlərarası Şəbəkə Dərnəyi və Qazi Universitetinin Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycandan məcburi köç” adlı beynəlxalq simpozium keçirilib.

Yenicag.az xəbər verir ki, Qazi Universitetində baş tutan tədbirdə Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Eldar Əliyev, TADİV-in sədri Aygün Attar, Qazi Universitetinin Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin rəhbəri, professor Bülent Aksoy, universitetin rektoru Musa Yıldız, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Şamil Ayrımın çıxışları dinlənilib.

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hicran Hüseynova, deputat Naqif Həmzəyev, Ankara millət vəkili Zeynep Yıldız, Sakarya millət vəkili Çiğdem Ərdoğan, Harvard Universitetinin Qara dəniz tədqiqatlarının rəhbəri Sergey Konoplyov, diplomatlar, QHT nümayəndələri və tarix, hüquq, beynəlxalq münasibətlər və sosiologiya sahələrindən çoxlu alimlərin iştirak etdikləri simpozium “Beynəlxalq hüquq və miqrasiya”, “Köçdən əvvəlki şərtlər və Qərbi Azərbaycandan köç”, “Məcburi köç və onun sosial təsirləri”, “Köçdən sonrakı uyğunlaşma və gələcək” başlıqlı sessiyalarla davam edib.

Konfransda Qərbi Azərbaycan türklərinə qarşı məcburi köçün səbəbləri və nəticələri mövzunun mütəxəssisi olan alimlər tərəfindən geniş şəkildə müzakirə edilib. Simpoziumda mövzuların elmi əsasda müzakirəsi və faktlara əsaslanan elmi mətnlərin dərc edilərək beynəlxalq ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.

COP29