Türkiyənin paytaxtı Ankarada Türkiyə – Azərbaycan Dostluq Konserti keçirilib.
Türkiyə Respublikası Prezidenti Administrasiyası İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Simfoniya Orkestrinin dəstəyi ilə təşkil olunan konsertin izləyiciləri arasında Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi, Ankarada yaşayan azərbaycanlılar və türk sənətsevərlər də olub.
Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədova, Mənsum İbrahimov və Qarabağ muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndiriblər.
Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi Qarabağ muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların Qız qalası ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.
Sənətçilərimizin səsləndirdiyi “Azərbaycan”, “Xudayar təsnifi”, “Laçın”, birlikdə səsləndirilən “Yaşa Azərbaycan” və digər mahnılar tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb.
Azərbaycanlı sənətçilərlə yanaşı, tanınmış türk sənətçiləri Şükriyə Tutqun və Mustafa Kəsər də sevilən mahnılarını ifa ediblər.
İki saat davam edən konsertin izləyiciləri Azərbaycan – Türkiyə dostluğunu və qardaşlığını tərənnüm edən konsertdən çox razı qaldıqlarını bildirərək belə tədbirlərin davamlı olmasını arzuladıqlarını dilə gətiriblər.
Konsert Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb.