Türkiyə Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Azərbaycanın Türkiyədəki Səfirliyinin və Səfirlik nəzdindəki Hərbi Attaşeliyin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsində qazanılmış Zəfərin 2-ci ildönümünə həsr olunmuş rəsmi qəbul və konsert keçirilib.
Azərbaycan və Türkiyənin dövlət rəsmilərinin, millət vəkillərinin, şəhid ailələrinin və qazilərin iştirak etdiyi tədbir şəhidlərin əziz xatirəsinə bir dəqiqəlik sükut və iki ölkənin dövlət himnləri ilə başlamışdır.
Azərbaycanın şanlı müstəqillik tarixini əks etdirən “Tarix yazan Ordu” filminin nümayişindən sonra açılış çıxışları edilib.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar çıxışında Azərbaycan -Türkiyə qardaşlığının, birliyinin əbədiliyinə diqqət çəkib. Nazir Türkiyə ilə Azərbaycanı eyni gördüklərini, Türkiyənin gücünün Azərbaycanın gücü, Azərbaycanın gücünün Türkiyənin gücü olduğunu qeyd edib. Nazir Azərbaycan torpaqları 30 ilə yaxın işğalda olduğu müddətdə, yüz minlərcə azərbaycanlı torpaqlarından məcburi köçkün olduğu, Xocalı faciəsi törədildiyi zaman səsini çıxarmayanların indi ortaya çıxmasının xüsusi diqqət çəkdiyini vurğulayıb. Bildirib ki, 44 günlük müharibə türkün gücünü dünyaya göstərdi. Bundan sonra da Azərbaycan və Türkiyə birlikdə hərəkət etməyə davam edəcəklər.
Tədbirin bədii hissəsində Azərbaycan və Türkiyənin sevilən sənətçilərinin ifaları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Zəfər tədbiri Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən geniş işıqlandırılıb.