Ankarada “Yerli Düşüncə” dərnəyi tərəfindən “Azərbaycana qardaş dəstəyi” adlı tədbir aksiyası gerçəkləşdirilib. Bu barədə “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi Cavid Mövsümlü məlumat verib.
Cavid Mövsümlünün verdiyi məlumata görə, tədbir əsnasında Ankarada müxtəlif universitet və fakültələrdə təhsil alan Azərbaycanlı tələbələr üçün dərnək tərəfindən 1 günlük rəsmi dairələrə ziyarət görüşləri düzənlənib. İlk olaraq “Yerli Düşüncə” dərnəyinin rəhbərliyi, başda dərnəyin fəxri sədri Türkiyə Respublikasının prezidentinin baş məsləhətçisi, 63-cü hökümət kabinetinin Mədəniyyət və Turizm naziri Yalçın Topçu olmaqla, Azərbaycanlı tələbələrnən birgə bu ölkədə fəaliyyət göstərən Azərbaycanın rəsmi səfirliyini ziyarət ediblər. Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov gələn ziyarətçiləri qəbul edərək çay süfrəsində hamıya bu ziyarətdən və Azərbaycana son olaylardan dolayı dəstək olduqları üçün təşəkkürünü bildirib.
Öz növbəsində dərnəyin fəxri sədri Yalçın Topçu da aidiyatı mövzuda çıxış edərək, “Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqları qeyri-şərtsiz və dərhal işğaldan azad edilərək ölkənin ərazi bütövlüyü bərpa edilməlidir”, “Xocalı soyqırımı dünya ölkələri tərəfindən tanınmalıdır” ifadələrini həm səfirliyin nümayəndəliyinə, həm də orada toplanan medya qurumlarına çatdırıb.
Bunun ardınca çıxış edən dərnəyin Azərbaycan təmsilçisi, Ph.DR. Cavid Mövsümlü cənab səfirə təmsil etdiyi dərnəyin Azərbaycan adına gördüyü işlər və tədbirlər haqqında geniş məlumat verib, qardaş Türkiyədə təhsil alan Azərbaycanlı tələbələrin adından hər zaman Azərbaycan uğrunda savaşmağa hazır olduqlarını diqqətlərinə çatdırıb.
Daha sonra Azərbaycanlı tələbələr dərnək rəhbərliyi ilə birgə Türkiyə Böyük Millət Məclisini ziyarət ediblər. TBMM-də “Yerli Düşüncə” dərnəyinin sədri, AK Partiya Ordu millət vəkili Mətin Gündoğdu Azərbaycanlı tələbələrlə günorta yeməyində bir araya gəliblər. Yemək zamanı Azərbaycana bu diqqət və qayğıdan dolayı azərbaycanlı tələbələr cənab vəkilə öz təşəkkürlərini bildirib, hörmətli vəkil Mətin bəy də öz növbəsində hər zaman qardaş ölkəyə göstərilən diqqət və qayğının davamlı olacağını əminliklə ifadə edib.
Nahardan sonra TBMM-nin bağçasında Azərbaycanlı tələbələri çay süfrəsində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, AK Partiya Adana millət vəkili Prof.DR. Nejdet Ünüvar qəbul ediblər. Azərbaycan-Türkiyə münasibətləri mövzusunda geniş siyasi təcrübəsi olan Nejdet bəy azərbaycanlı tələbələrlə öz bildiklərini bölüşüb, onların suallarını cavablandırıblar. Sonda hörmətli vəkil çox yaxın günlərdə 4 günlük müharibədən sonra Azərbaycan ordusunun vermiş olduğu şəhidlərinin dəfn mərasimlərində iştirak etmək üçün Azərbaycana getdiyini və başda Azərbaycan parlamenti olmaqla rəsmi dairələrə başsağlığı verdiyini və hər zaman Türkiyənin Azərbaycanın yanında olduğunu ifadə edib.
Yenicag.az