“İmzalanan anlaşmada tərəflər üçün ən başlıca məqam hər hansı məcburedici faktorun olmamasıdır”.
Bu fikirləri Türkiyənin Liviyanın Homs limanını hərbi məqsədlər üçün 99 il müddətinə icarəyə götürməsi ilə bağlı Ankara ilə Tripolinin anlaşmasını dəyərləndirən professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu addım Türkiyənin regional imkanlarının daha da artmasında mühüm rol oynayacaq:
“Bildiyiniz kimi, Liviyanın legitim hakimiyyətinin formalaşdığı ilk gündən etibarən, Türkiyə bu ölkə ilə çox sıx əlaqələr qurub və bütün sahələr üzrə ikitərəfli əməkdaşlıq sürətlə genişləndirilir.
Türkiyənin Homs limanını uzun müddətə icarəyə götürməsi çox mühüm hadisədir və bu, Ankarannın yeni geosiyasi həmləsi kimi qiymətləndirilə bilər. Xatırladım ki, Aralıq dənizinin şərqində bölgə ölkələri ilə zaman-zaman baş qaldıran ziddiyyətlər fonunda bu addımın atılmasıTürkiyənin imkanlarını xeyli gücləndirəcək.
Burada digər vacib məqam imzalanan anlaşmada tərəflər üçün hər hansı məcburedici faktorun olmamasıdır. Yəni Homs limanının Türkiyəyə icarəyə verilməsi Ankara ilə Tripolinin maraqlarına eyni dərəcədə uyğundur”.
A.Zeynalov