“Suriyanın şimalında – Fərat çayının şərqində hökm sürən vəziyyət də Türkiyəni narahat etməkdədir”.
Bu fikirləri Yenicag.ru-ya açıqlamasında ABŞ-ın dövlət katibi Mayk Pompeonun Türkiyəyə səfərinin Vaşinqton-Ankara münasibətlərinin gələcəyinə mümkün təsirini şərh edən politoloq Engin Özer deyib.
Engin Özerin sözlərinə görə, hazırda ABŞ və Türkiyə arasında həllini gözləyən əsas məsələ Suriyanın Mənbic bölgəsi ilə bağlıdır:
“ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına kəskin təsir göstərəcək dərəcədə olmadı. Türkiyənin iki nazirinə yönəlik sanksiyalar isə aradan qaldırılacaq. Rahib Bransonu azadlığa buraxmaqla Türkiyə ABŞ-a doğru iri addım atdı və bu gediş ikitərəfli münasibətlərin normallaşmasında mühüm rol oynadı.
Ancaq hazırda Türkiyəni sanksiyalardan çox Suriyanın Mənbic bölgəsi ətrafında yaranmış vəziyyət maraqlandırır. Yaxın vaxtlarda ABŞ və Türkiyə həmin bölgəyə birgə nəzarət etməlidirlər və bunun mümkün qədər tez reallaşması Ankaranın maraqlarına uyğundur.
Digər tərəfdən, Suriyanın şimalında – Fərat çayının şərqində hökm sürən vəziyyət də Türkiyəni narahat etməkdədir. Əgər ABŞ orada milli azlıqları dəstəkləyərsə, o zaman Türkiyə bölgədə hərbi əməliyyatlar keçirməli olacaq.
Həmçinin S-400 raket kompleksləri və “Türk axını” layihəsi də ikitərəfli müzakirələrin əsas mövzuları sırasındadır. Lakin düşünmürəm ki, S-400 raketləri ABŞ-Türkiyə münasibətlərinin pisləşməsinin əsas səbəbi olsun. Çünki ABŞ-ın müttəfiqləri olan Səudiyyə Ərəbistanı ilə Qətər, o cümlədən, Hindistan və Pakistan da Rusiyanın S-400 raket komplekslərinə maraq göstərirlər.
Hazırda əsas “sövdələşmə” predmeti Suriyanın şimal-şərqindəki vəziyyətdir və yəqin ki, Ankara ilə Vaşinqton bu məsələdə anlaşa biləcəklər”.