Ankaranın “Təzyiqə qarşı təzyiq” siyasəti: “İncirlik” hərbi bazasının bağlanması…” – Elxan Şahinoğlu

“Erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq, Türkiyə parlamenti də Amerikada hindulara qarşı həyata keçirilən soyqırımını tanıya bilər”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Senatının qondarma “erməni soyqırımı” qətnaməsini təsdiqləməsindən sonra Ankaranın atacağı mümkün addımlar haqda son açıqlamalarını dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Amerika bu gedişlə Türkiyəni sürətlə itirməkdədir:

“Amerikadakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə “soyuq müharibə” illərində olduğu kimi, Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox, birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır.

“Soyuq müharibə” 28 ildir bitib, SSRİ yoxdur. Beləcə, Türkiyənın Amerikanın himayədarlığına da ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər”.

Elxan Şahinoğlu qeyd edib ki, ABŞ təzyiq yolu ilə Türkiyəni sözəbaxan edəcəyini düşünsə də, bunun əksi baş verir:

“Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, lakin bunun tam əksi baş verir. Əlbəttə, “İncilrik”dəki hərbi bazanı qapatmaq asan məsələ deyil.

Ancaq bu gedişat Ankaraya alternativ yol qoymayıb. “İncirlik” hərbi bazasının qapanmasıyla Türkiyə-ABŞ strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq”.

Səxavət Məmməd

COP29