Azərbaycanda bir müddət əvvəl fəaliyyətlərini dayandıran bəzi media orqanlarının yenidən meydana qayıdacaqları haqda məlumatlar yayılmaqdadır.
Bu media quruluşları arasında isə ANS telekanalının uzun müddət ölkədə ictimai rəyin formalaşmasında və Ermənistan KİV-i ilə informasiya savaşında oynadığı rolu nəzərə aldıqda, qeyd olunan məsələnin öz aktuallığını saxladığı görünür.
Xatırladaq ki, ANS telekanalı ölkənin informasiya məkanında ilk müstəqil telekanaldır və Qarabağ müharibəsinin vüsət aldığı ərəfədə fəaliyyətə başlayıb. ANS-in əməkdaşı, şəhid jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar bu münaqişədə ölkəmizin haqlı olduğunu təsdiqləyən unikal sənədlərdir.
Əksəriyyət ANS-in müstəqil Azərbaycanın telejurnalistikasında bir məktəb olduğunu, həm informasiya məkanında, həm də tamaşaçıların yaddaşında dərin iz buraxdığını qəbul edir.
Bütün bunları nəzərə alan Yenicag.ru ANS-in fəaliyyətinin bərpa olunması ehtimalı və zərurətinə dair sorğu keçirərək, tanınmış fiqurların məsələyə münasibətini öyrənib.
Bəhram Bağırzadə, Azərbaycanın əməkdar artisti:
“Ölkədə telekanalların çoxluğu həmin dövlətdə demokratiyanın səviyyəsini göstərir. Burada söhbət tək kəmiyyətdən yox, həm də keyfiyyətdən gedir.
Bəli, adını çəkdiyiniz kanalın Azərbaycan üçün böyük əhəmiyyəti var. Çünki SSRİ-nin dağılmasından sonra yaradılmış ilk telekanaldır və Azərbaycanın informasiya blokadasının yarılmasında bizim əsas ruporumuz olub.
Əlbəttə, onun fəaliyyətini bərpa etməsi yaxşı olardı. Ancaq ötən əsrin 90-cı illərindəki kimi yox, daha müasir formatda”.
Əli Əliyev, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri:
“APA İnformasiya Agentliyinin yeni keyfiyyətdə fəaliyyətinin bərpa olunması və ANS telekanalının da yenidən efir məkanına qayıtması haqqında müzakirələr belə deməyə əsas verir ki, hakimiyyət informasiya müstəvisində öz mövqelərini möhkəmlətməyə çalışır.
Son dövrlərdə müxalif və fərqli düşüncə daşıyıcılarının informasiya məkanından sıxışdırılmaları, onların əvəzinə internet televiziyalarının vüsət alması hakimiyyəti informasiya müstəvisində və sosial şəbəkələrdəki uğursuzluqlar haqqında düşünməyə məcbur edib.
İdarəetmə fəlsəfəsindən tutmuş, xalqa münasibətə qədər hər şeyi dəyişmək, ictimai rəylə hesablaşmaq və xalqın fikrini öyrənmək lazımdır. Yalnız bunları etdikdən sonra informasiya və ya digər müstəvilərdə hansısa nəticələrə nail olmaq mümkündür”.
Şair Ramaldanov, istefada olan polkovnik, hərbi ekspert:
“Mən hərbi analitik olaraq, telekanallarda hərbi ekspertlərin olmasını zəruri sayıram. Çünki hərbi ekspertlər hər zaman özlərindəki məlumatları əsaslandırırlar və vəziyyətə düzgün qiymət verə bilirlər.
Nəzərə alınmalıdır ki, torpaqlarımızı işğal etmiş Ermənistanla müharibə vəziyyətində olan Azərbaycanda hərbi mövzu olduqca aktualdır. O baxımdan, Qarabağ münaqişəsinə və ümumiyyətlə, hərbi mövzulara peşəkar səviyyədə yanaşılmalıdır.
Bu, hərbi proseslərə dair yanlışlıqların yolverilməz olduğu süjet və materialların hazırlanmasında xüsusilə vacibdir. Ölkədə hərbi-vətənpərvərlik ruhunu yüksəldən kanalların sayı nə qədər çox olsa, yaxşıdır. Ən əsası isə o kanallarda öz işini bilən peşəkarların çalışmasıdır.
ANS-ə gəldikdə, bu kanal Qarabağ müharibəsinin başlanğıcından etibarən, hərbçilərlə sıx əməkdaşlıq edib, onun jurnalistləri hərbi birləşmələrlə birlikdə hər zaman ön xətdə olublar. ANS-in fəaliyyəti vaxtilə Ümummilli lider Heydər Əliyev və ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib.
Əgər ANS əvvəlki səhvlərini təkrarlamasa, onun fəaliyyətinin bərpa olunması məsələsi bütün nüanslar nəzərə alınaraq həqiqətən, ciddi müzakirə olunursa, deməli, kanalın fəaliyyəti bərpa oluna bilər”.
Fikrət Sadıxov, politoloq:
“Bununla bağlı məhkəmənin qərarı var və onu heç kim dəyişməyib. Ona görə də, telekanalın fəaliyyətini bərpa edəcəyi, ən əsası, əvvəlki formatda yenidən efirə çıxıb-çıxmayacağını söyləmək çətindir.
Bildiyim qədər, ANS-in rəhbərliyindəki bəzi şəxslər artıq telekanal və saytlar açıblar. Məsələn, bu sırada Real TV-ni göstərə bilərik. Eyni zamanda, ANS-in sabiq vitse-prezidenti Mais Məmmədovun rəhbərliyi altında istipress.com saytı fəaliyyət göstərir.
Bəli, bu gün yeni telekanallar, saytlar açılır. Ancaq nəzərə alınmalıdır ki, fəaliyyətini dayandıran media orqanlarının heç biri əvvəlki formada bərpa edilmir. Hətta APA İnformasiya Agentliyi də informasiya məkanına yeni brend altında qayıdır.
Əgər ANS-in fəaliyyəti bərpa olunacaqsa, yeni kollektivin formalaşdırılması lazım gələcək. Bu isə müəyyən vaxt aparacaq. Telekanala kimin rəhbərlik edəcəyi də sual altındadır”.
Zahir Əzəmət, şair-publisist, Qaynarinfo.az-ın redaktoru:
“ANS-in öz fəaliyyətini bərpa edib-etməyəcəyi haqda dəqiq heç nə deyə bilmərəm. Əgər ANS özünü ilkin prinsiplərinə söykənəcəksə, onun mövcudluğu milli efir məkanında sağlam rəqabət mühiti yaradacaqsa, o, niyə də öz fəaliyyətini bərpa etməsin?
Yox, əgər o fəaliyyətini bərpa etdikdən sonra digər telekanallardan fərqlənməyəcəksə və efir məkanında müsbət dəyişikliklər olmayacaqsa, onun varlığı ilə yoxluğunun əhəmiyyəti qalmayacaq.
Əsas olan budur ki, ANS öz fəaliyyətini bərpa edəcəyi təqdirdə, çoxillik təcrübəsindən yararlanaraq, yerli televiziya məkanında vəziyyəti müsbətə doğru dəyişə bilsin”.
Rüstəm Qasımov