ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov, şirkətin prezidenti Vahid Mustafayevin avtomobil ilə yol hərəkəti qaydasını pozması haqqında yayılan xəbərlərə münasibət bildirib.
Yenicag.az müşavirin açıqlamasını təqdim edir:
“Həmin xəbərdə yayılan yeganə doğru məlumat odur ki, Azərbaycana ilk dəfə “Gelandevagen”i gətirən Vahid Mustafayev olub. M.Məmmədovun dediyinə görə, birincisi, Vahid Mustafayev uzun zamandır ki, avtomobil idarə etmir, bu vəzifəni sürücülər həyata keçirir. İkincisi, qarajımızdan aldığımız məlumata görə, adı çəkilən nəqliyyat vasitəsi həmin vaxt qarajda olub. Məlumdur ki, Vahid Mustafayev nüfuzlu, maraqlı şəxsdir, onun barəsində yayılan hər hansı xəbər dərhal reytinq gətirir. Qeyd edim ki, bu yalan məlumat təxribat məqsədi ilə yayılıb, lakin təxribat etmək istəyənlər bilsinlər ki, növbəti cəhdləri də baş tutmayıb. ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri bildirib ki, yayılan məlumatlarda guya avtomobilin üç balla cərimələndiyi də yazılıb. “Dövlət Yol Polisindən məlumat ala bilərsiniz. Həmin avtomobilin heç bir cəriməsi yoxdur! Digər tərəfdən, hüquq-mühafizə orqanları belə qondarma məlumatları yayan şəxslər və hər hansı qurumlarla bağlı ciddi ölçü götürməlidir. Biz müharibə şəraitində yaşayırıq. Bu hərəkətlər hansı məqsədi güdür?” – deyə, Mais Məmmədov bildirib.
M.Məmmədov həmkarlarını qınayaraq, “iyulun 18-də ANS TV-nin bağlanmasından üç il ötəcək. Respublika Prokurorluğu ANS-in fəaliyyətində hər hansı istintaq hərəkəti tapmadığını etiraf edib. Nəyə görə heç bur günahı olmadığı sübuta yetirilən ANS-in fəaliyyətinin bərpa olunması barədə ciddi araşdırma aparmayan və ya məlumat yaymayan saytlar xırda, özü də yanlış məlumatı vur-həşirlə yaymağa başlayır? Düz etmirsiniz, həmkarlar…” – deyə, əlavə edib.
Qeyd edək ki, bu gün yerli saytlardan bir neçəsi ANS-in prezidenti Vahid Mustafayevin avtomobili ilə yol hərəkəti qaydalarını pozması ilə bağlı xəbər yayıb.
Yayılan xəbərlərə əsasən, Balans MMC-yə məxsus olan və Vahid Mustafayevin idarə etdiyi 10 AS 660 dövlət nömrə nişanlı “Mercedes Galenvagen” markalı avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirib. Bununla da o, 60 manat 3 ballıq xətaya yol verib.
Hadisənin iyulun 16-da, saat 22.20 radələrində baş verdiyi bildirilib.