ANS-in Qızıl Fondu açılır – Məxfi VİDEOLAR artıq əlinizin altında

12986950_608239162666966_7776229873632585980_n“1991-ci ildən bu günə qədər olan arxivin ictimaiyyətə çatdırılmasına ehtiyac var idi. Biz də bu işə başladıq. Layihə birbaşa Vahid Mustafayevin təşəbbüsü ilə ərsəyə gəlib”.

Bu sözləri ANS Şirkətlər Qrupunun yeni anstv.ws layihəsinin rəhbəri Eldəniz Elgün saytın yaradılması və qarşıdakı planlar haqda axar.az-a danışarkən deyib. O, bir çox məxfi videoların gün üzünə çıxarılacağını bildirib:

“1991-ci ildən 2015-ci ilə qədər ANS-də yayımlanan verilişləri artıq sayta yerləşdirmişik. Bundan başqa, ANS-in Qızıl Fondu da var. Burada efirə getməyən materiallar yer alıb. Bunların da yavaş-yavaş efirə verilməsi prosesi başlayıb. Bu 6 dəqiqəlik kadrlar hər gün efirə gedir. Hazırda “Yol” adlı sənədli filmlər çəkilir. Bu sənədli filmlərdə də heç vaxt yayımlanmayan materiallar cəmiyyətə təqdim olunacaq. Amma elə materiallar var ki, biz onları cəmiyyətə təqdim edə, efirə verə bilmərik. Məsələn, bunlar Qarabağ döyüşlərindəki açıq ölüm səhnələridir. Bu cür kadrları efirə vermək bir az efir etikasından kənara çıxmaqdır. Ancaq əksər materiallar cəmiyyətə təqdim olunacaq”.

Eldəniz Elgün Qızıl Fonddakı bəzi videoların tamaşaçılarda böyük maraq doğurduğunu deyib:

“Artıq təqdim olunan bəzi kadrlar tamaşaçılarımız tərəfindən böyük maraqla qarşılanıb. Məsələn, bir neçə gün əvvəl biz Etibar Məmmədovun müsahibəsini təqdim etdik. O, Ayaz Mütəllibovla qapalı görüşündən danışmışdı. Qızıl Fondda belə videolar çoxdur. Tamaşaçılar da görəcəklər ki, bu materiallar bəzi məsələlərə aydınlıq gətirir. Hazırda biz Qızıl Fondun cəmiyyətə göstərilməsi istiqamətində işlər görürük. Baş verən hadisələrlə, siyasi proseslərlə bağlı kadrları sənədli film şəklində ortaya çıxaracağıq. Başqa bir layihə üzərində də müzakirələr gedir. İstəyirik, əlimizdə olan materiallar əsasında Qarabağın işğalının ilk günündən bu günə qədər yaşananların ensiklopediyasını hazırlayaq. Bu, hələ ki, müzakirə mövzusudur, ancaq inşallah, bu işin də öhdəsindən gələcəyik”.

 

COP29