Antalyada Azərbaycan Xalq Cümhuriyyətinin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100-cü ildönümü ilə bağlı tədbir və gecə keçirilib.
Yenicag.az xəbər verir ki, tədbir millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Antalya Qəzeteçilər Cəmiyyəti, Antalya Türk Ocakları və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən keçirilib.
Tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, qurucuları ilə bağlı geniş məlumat verib.
Q.Paşayeva bildirib ki, həmin vaxtlar erməni daşnakları rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirib və cümhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuru Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana dəstəyə gəlib. Həmin orduda Antalyadan da 10 şəhid olduğunu və bu gün onların Bakıda Türk şəhidliyində uyuduğunu deyən millət vəkili Çanaqqalada da 3000 mindən çox Azərbaycan türkünün şəhid olduğunu xatırladıb:
“Həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq”.
Tədbirdə çıxış edən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal çıxışlarında hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını deyiblər.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysala Azərbaycan-Türkiyə qardaşlığının inkişafında göstərdiyi səylərə görə mükafat təqdim olunub.