“World Business Center”də Türkiyə və Azərbaycan İş adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) tərəfindən Antalyadan gəlmiş iş adamları üçün görüş keçirilib.
Yenicag.az xəbər verir ki, tədbirdə TÜİB başqanı Hüseyin Büyükfırat, Türkiyə səfirliyinin ticarət müşaviri Ahmet Ataker, iqtisadiyyat müşaviri Can Memduh Erdem, DÖSİAD başqanı Gültekin Gencer, TÜİB İdarə Heyətinin üzvü Selim Akbay, Dr. Elşən Əbdülhəsənli, iş adamları və ictimai xadimlər iştirak edib.
Tədbirdə çıxış edən TÜİB başqanı Hüseyin Büyükfırat Antalya iş adamlarını Bakıda qarşılamaqdan məmnunluq duyduğunu, bu səyahətin iki ölkənin iş adamları arasındakı əlaqələrin inkişafında effektiv olacağına ümid etdiyini qeyd edib.
Antalyadan gələn qonaqlar arasında kənd təsərrüfatı, turizm, tikinti materialları, inşaat, kimya və qida-sağlıq sahələrində fəaliyyət göstərən iş adamları yer alıb.
Tədbirdə Türkiyə və Azərbaycan iş adamları arasındakı sıx əməkdaşlıq əlaqələrindən və bu istiqamətdə davam etdirilən tərəfdaşlıqlardan danışılıb. İki ölkəni təmsil edən iş adamlarının əlaqələrinin daha da artması və ortaq layihələrin təşkili perspektivlərindən danışılıb.
Qeyd edək ki, DÖSİAD tərəfindən təşkil edilən Antalya iş adamlarının Bakıya iş səyahəti 20-24 fevral tarixlərində davam edəcək.