“Separatçıların əlindəki silahı zorla almasaq, onlar heç vaxt niyyətlərindən geri addım atmayacaqlar”.
Bunu Qarabağda antiterror əməliyyatlarının keçirilməsinin yenidən gündəmə gəlməsini şərh edən istefada olan polkovnik-leytenant, hərbi ekspert Daşdəmir Əliyev Yenicag.az-a açıqlamasında deyib.
Daşdəmir Əliyev bildirib ki, Azərbaycan separatçılara öz yerini göstərməlidir:
“Qarabağ müstəqil Azərbaycanın dünya tərəfindən tanınmış ərazisidir. Azərbaycan qanunları ölkənin hər nöqtəsində işləməlidir. Bu gün qanunlarımızın işləmədəyi ərazi separatçı rejimin yerləşdiyi hissədir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bir qarış torpağından belə güzəşt etməyəcək.
Avropa İttifaqının müşahidəçiləri Ermənistana gəlib. Onlar gəlib haranı müşahidə edəcəklər? Sərhəd yoxdur, heç vaxt da olmayıb. Yalnız sənəd üzərində sərhəd olub. Onlar sözdə sərhəd məsələsi üçün gəliblər. Amma hər kəs öz marağını qorumaq üçün regiona yerləşir.
Azərbaycan ordusu döyüşə tam hazır vəziyyətdə saxlanılır. Ordumuz verilən tapşırıqları dərhal yerinə yetirməyə hazırdır. Hesab edirəm ki, antiterror əməliyyatı olmalıdır. Erməni xislətini bilirik. Biz onların əlindəki silahı zorla almasaq, heç vaxt niyyətlərindən geri addım atmayacaqlar. Azərbaycanın mülki ermənilərlə işi yoxdur. Onların bir çoxu köhnə pasportlarını gizlin şəkildə saxlayırlar. Azərbaycanın işi ancaq və ancaq separatçılarladır”.
Səxavət Məmməd