“Aparılan siyasət Putin rejiminin ömrünü uzatmağa xidmət edir” – ŞƏRH

“Kim istəyəcəksə, gedib NATO-ya üzv olacaq. Heç kim Putindən icazə istəməyəcək”.

Bu fikirləri Cenevrə görüşündə Rusiyanın Ukrayna və Gürcüstanın heç vaxt NATO üzvü olmaması ilə bağlı yazılı qarantiya verilməsi istəyinin ABŞ tərəfindən rədd edilməsinə və bundan sonra baş verə biləcək proseslərə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.

Tərlan Eyvazov bildirib ki, Qərb Rusiyaya nə qədər güzəştə gedə bilərdisə, gedib:

“Bundan sonra Qərb, ABŞ Putinin qarşısından qaçsa, onun qarşısını almaq qeyri-mümkün olacaq. SSRİ dövründə 1962-ci ildə Xruşovla Kennedi arasında Karib dənizi böhranına görə görüşlər oldu. O vaxt Kennedi güzəştə getdi. O vaxt qarşıdurma yaransaydı, SSRİ-nin uduzacağı fakt idi. Qərbin kəşfiyyatı bildirdi ki, SSRİ-nin nüvə silahı var, ancaq ABŞ-ni məğlub edəcək dərəcədə deyil. Xruşov avantürist adam idi. Kennedi məsuliyyəti öz üzərinə götürərək SSRİ-yə güzəşt etdi.

Putin açıq-aşkar hətta SSRİ-nin belə edə bilməyəcəyi bir işə girişib. Özünün silahlı qüvvələrini 100 mindən artığını Ukrayna ilə sərhədə yerləşdirib. Bir neçə min qoşun və texnika Suriyadadır. Liviyada Rusiyanın qoşunu var. Ermənistanda hərbi bazası var. Qarabağda sülhməramlı kimi fəaliyyət göstərir. Gürcüstanda – Obxaziya və Cənubi Asetiyada – ordusu mövcuddur. Qazaxıstana qoşun göndərib. Rusiyanın nə qədər potensialı var?

ABŞ-nin bir universitetinin büdcəsi Rusiyanın təhsilə ayırdığı büdcədən qat-qat artıqdır. Rusiyanın təhsilə ayırdığı büdcə 14.7 milyard dollardır, ABŞ universitetlərinin büdcəsi isə 20 milyard dollardan başlayır. ABŞ-nin müdafiə xərcləri 700 milyard dollardan çoxdur, Rusiyanın müdafiə üçün ayırdığı xərclər isə 50 milyard dollara yaxındır. Rusiyanın hansı potensialına güvənib belə addımlar atması anlaşılan deyil. Qərb ölkələrinin güzəştə getmələrinin əsas səbəbi müharibə istəməmələridir. Onlar həyatın dadını çıxarıblar, ötən əsrdə iki dünya müharibəsi görüblər. Müharibə onlara lazım deyil. Yaşamaq istəyirlər. Putin isə əlindəki imkanları camaatın rifahına xərcləmək əvəzinə, xalqın başını boş-boş işlərlə qatır. 2014-cü ildə Ukraynda baş verənlərdə istədiyinə nail olurdusa, hazırda Rusiya ictimaiyyəti o vəziyyətdə deyil. Onlar istəmirlər. Rusiyanın xaricə göndərdiyi qoşunlar orada xidmət etmək istəmirlər. Rusiyanın əyalətlərində ehtiyatda olan hərbçiləri yenidən hərbiyə qayıtmaq üçün böyük maaşlar vəd edirlər. Onları Ukraynaya və digər yerlərə göndərmək istəyirlər. Ancaq heç kim buna getmək istəmir. İnsanlar artıq Putinin siyasətindən beziblər. Onlar yaxşı bilir ki, bu gün aparılan siyasət yalnız rejimin ömrünü uzatmağa xidmət edir.

Putin və onun ətrafındakı oliqarxlar xarici banklara pul qoyurlar. Onun ətrafı gedib o müharibələrdə iştirak edən deyil”.

Hərbi ekspertin sözlərinə görə, Putinin heç bir qırmızı xətti yoxdur, ona yerini göstərdilər:

“Putin bununla barışıb geriyə çəkilməlidir. Əgər geriyə çəkilməyəcəksə, daha sərt iqtisadi sanksiyalarla onu yerinə oturdacaqlar. Çox qəribədir ki, özünün və ətrafının pulları Qərb banklarındadır və özü də onların üstünə hücum çəkmək istəyir. Putinin geriyə sayımı baş verə bilər. Büdcəyə bu qədər yük salmaq olmaz. Rusiya Qərbə qırmızı xətti keçməmələrini deyir. Anlamır ki, özü qırmızı xətti keçir”.

Səxavət Məmməd