“Apple” və “Google” 415 milyon cərimə edildi

804672530bba256b41884e96638afa2dABŞ-ın Kaliforniya ştatının San-Xose şəhər məhkəməsi ölkənin 4 nəhəng texnologiya şirkətini rekord məbləğdə cərimələyib.

Yenicag.az xəbər verir ki, “Apple”, “Google”, “İntel” və “Adobe” şirkətləri təxminən 65 min işçinin iddiası əsasında ümumilikdə 415 milyon dollar məbləğində cərimə olunublar.

Səbəb bu 4 şirkətin arasında bir-birindən işçi transfer etməmək barədə gizli razılıq əldə edilməsidir. Məhkəmə müəyyən edib ki, bununla onlar antiinhisar qanunvericiliyinə zidd addım ataraq işçilərin daha yüksək əməkhaqqı ala bilmək hüququnu pozublar. “Apple”, “Google”, “İntel” və “Adobe” 65 min işçinin hər birinə 5800 dollar təzminat ödəyəcək. Şirkətlər hakimin qərarı ilə razılaşıblar.

Məhkəmə araşdırması zamanı məlum olub ki, “Apple”ın mərhum rəhbəri Stiv Cobs “hücum etməmək haqqında pakt”ın tərəfdarı olub.

Qeyd edək ki, 2011-ci ildən bəri Silikon vadisində istedadlı əməkdaşlar uğrunda rəqabət güclənib. “Tesla”dan bildiriblər ki, “Apple” onların bəzi əməkdaşlarına 60% daha çox əməkhaqqı və müqavilə imzalamağın müqabilində 250 min dollarlıq birdəfəlik bonus təklif edib. “Tesla” da öz növbəsində bəzi “Apple” əməkdaşlarını öz tərəfinə cəlb etmək üçün səy göstərdiyini etiraf edib.