!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Aprel döyüşlərini yaradan zəmin, əhəmiyyəti və nəticəsi – Nazim Bayramov şərh edir

!Reklam – Yazi

Aprel döyüşlərindən 3 il keçir.

Aprel döyüşlərini yaradan zəmin, döyüşlərin əhəmiyyəti və nəticəsini Qarabağ qazisi, hərbi icmalçı Nazim Bayramov Yenicag.az-a şərh edib.

Nazim Bayramov bildirib ki, 2016-cı ildə “4 günlük müharibə” 1994-cü ildən bəri danışıqlar xətrinə danışıqların məntiqi (ara) nəticəsi idi və Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsi zərurətindən doğub.

Hərbi icmalçı döyüşlərin məqsədini belə şərh edib:

“Azərbaycanın həyata keçirdiyi əməliyyatların məqsədi təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrimizi düşmən atəşi altından çıxarmaq olub. 4 gün sürən döyüşlərdə Azərbaycan məqsədinə nail olub. Bu döyüşlərdə 93 hərbçimiz həlak olub.

“İki təpəyə görə bu qədər itki verməyə dəyərdimi?” Əvvəlcə coğrafiyaya aydınlıq gətirək. “İki təpə” dediyimiz yerlər əslində nədi?

Qarabağın cənub-şərqində yerləşən Lələ-İlahi dağı böyük məkanı müşahidə və atəş nəzarəti altında saxlamağa imkan verir. Dağın beli isə 2 km uzunluğunda qurulmuş düşmən müdafiə xətti idi. Qarabağın şimalında yerləşən Talış yüksəklikləri də eyni hərbi əhəmiyyətə malik, 7 km enində cəbhə xəttini tutan 9 əsas betonlaşdırılmış postdan ibarət düşmənin müdafiə xəttidir. Hər iki istiqamətdə düşmən müdafiə mövqelərinin qarşısında (indi unudulan) “Ohanyan xətti” adlandırılan, mina-məftillənmiş sahələr qurmuşdu”.

Döyüşlərin faktiki gedişi barəsində Nazim Bayramov bunları deyib:

“Aprelin 2-i səhər tezdən hər iki istiqamətdə kəşfiyat-diversiya qruplarımız düşmən müdafiəsini diversion üsulla keçib, müəyyən postlarını məhv edib, əsas qüvvələrimizin sürətlə hücuma keçməsinə şərait yaradıblar. Bundan başqa, Talış istiqamətində xüsusi təyinatlılarımız düşmən arxasına keçib, onun arxa hərəkət yollarını atəş nəzarətinə alıb, düşmənin cəmləşdiyi yerlərin koordinatlarını artilleriyamıza verirdilər. Nəticədə hücuma keçən əsas qüvvələrimiz minimal itkilərlə döyüş tapşırığını əmrdə göstərilmiş müddətdən iki dəfə az vaxta yerinə yetirərək, yeni tutulan mövqelərdə möhkəmlənmə işlərinə başlayıblar. Adətən, düşmən səngərləri müdafiə üçün yaramır, çünki dağ yamacında qazılmış səngərin müdafiəçilərə olan tərəfi ayağa kimi olur, nə güllədən, nə mərmidən qorumur və atəş mövqeyi kimi əlverişli deyil. Bundan başqa, düşmən öz mövqelərini yaxşı tanıyır, ona görə həmin yerləri dəqiq artilleriya atəşinə tuta bilir. Bu səbəblə Döyüş Nizamnamələri yeni itirilmiş mövqeləri “isti-isti” qaytarmağı tələb edir. Möhkəmlənəndən sonra iş çətinləşir. Aprelin 2-i səhər saat 11-dən aprelin 5-i saat 12-dək (faktiki isə saat 17-dək) düşmən, itirdiyi mövqeləri qaytarmaq məqsədilə hər iki istiqamətdə həmin mövqeləri ardı kəsilməyən artilleriya, minaatan atəşinə tutur, hücumlar edir, itirdiyini qaytarmaq istəyirdi. Bu zaman düşmənin artilleriya vasitələri, zirehli texnikası, hücuma keçmək üçün cəmləşdiyi yerlər, qərargahlar və daimi dislokasiya yerləri artilleriyamız, raketlər və silahlanmaya yeni qəbul olunmuş vasitələrlə uzaqdan vurulur, mövqelərdə müdafiə tutan əsgərlərimiz düşməni yaxın məsafəli döyüşlərdə məhv edirdi. Çoxsaylı canlı qüvvə, texnika, artilleriya və raket qurğuları itkilərinə uğramış düşmən (135 nəfər – rəsmi erməni mənbələrinə görə) itirdiyi mövqeləri qaytara bilməyəcəyinə əmin olandan və Azərbaycanın cəbhə xəttinə əlavə qüvvələr cəmləşdirdiyini görəndən sonra, aprelin 5-i hücumlarını dayandırmışdı. Azərbaycan əsgərinin əsas xidməti o yüksəklikləri tutmaqla bərabər, onları müdafiə edib, saxlaması olmuşdu. İtkilərin sayı məsələsi üzərində ayrıca dayanmaq istərdim. İtki sayının ümumi qiymətləndirilməsi “az-çox” sualına yox – əldə olunan nəticəyə görə ümumi itkilərin məqbul olub-olmaması sualına cavab verir. İtkilərin qısa müddətdə çox olması ilk növbədə döyüşlərin intensivliyinin və şiddətinin göstəricisidir. Döyüşün uğurlu olub-olmaması isə onun nəticəsinə görə müəyyən olunur. Müqayisə üçün, 2008-ci ildə Gürcüstan “Cənubi Osetiyada Konstitusiya quruluşunun bərpası” məqsədilə hərbi əməliyatlara başladı. “5 günlük müharibədə” Gürcüstan bəyan etdiyi məqsədlərinə çatmadı, (rəsmi gürcü mənbələrinə görə) 397 hərbçi itki verib, məğlub ayrıldı”.

Aprel döyüşlərinin əhəmiyyətinə toxunan Nazim Bayramov qeyd edib ki, döyüşlər hərbi uğurlarla məhdudlaşmır:
“2-5 aprel hərbi əməliyyatları məhdud miqyaslı olsa da, əhəmiyyəti yalnız hərbi uğurumuzla məhdudlaşmır. Aprel döyüşlərinin Azərbaycan üçün qazandırdığı siyasi, hərbi-diplomatik və psixoloji qələbə və üstünlüklər davam etməkdədir. Daha böyük əməliyyat planlaşdırılıb, həyata keçirilə bilərdimi? Dünya hegemonlarının maraqlarının yeganə üst-üstə düşdüyü Qarabağ münaqişəsinin həlli məsələsində hərbi-siyasi status-kvonun xeyrimizə dəyişdirilməsi üçün o şərtlərdə hərbi cəhətdən “düşmən təxribatlarının qarşısının alınmasından” daha irimiqyaslı hərbi əməliyatın keçirilməsi real görünmürdü. Allah tezliklə Şəhidlərimizin ruhunu böyük qələbə xəbəri ilə sevindirsin”.

Səxavət Məmməd

www.yenicag.az

6317
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv