“Rəmiş nə atadır, nə ana; nə qardaşdır, nə bacı; nə adamdır, nə vətəndaş – Rəmiş bir ruhdur. Bir ruh kimi doğulmuşdu, bir ruh kimi də uçub getdi”.
Bunu millət vəkili, tanınmış yazıçı Aqil Abbas bu gün anım günü olan mərhum sənətkar Rəmişlə bağlı fikirlərini Yenicag.az-la bölüşərkən deyib.
O, Rəmiş üçün çox darıxdığını dilə gətirib:
“Rəmiş üçün çox darıxıram, elə buna görə də son günlər lap tez-tez dinləyirəm onu. Rəmişdən bir də olmayacaq. Bir dəfə də bu fikri söyləmişdim, yenə də deyirəm, Rəmiş nə atadır, nə ana; nə qardaşdır, nə bacı; nə adamdır, nə vətəndaş – Rəmiş bir ruhdur. Bir ruh kimi doğulmuşdu, bir ruh kimi də uçub getdi. O, qeyri-adi bir insan idi. Mənim üçün Rəmiş əvəzolunmaz bir şəxsdir.
Təəssüf ki, Rəmiş çox pis vaxtda yaşadı. Ömrünün ən gözəl vaxtlarında onu telekanallara buraxmadılar, çətinliklə konsertlər verirdi. Sonra da müharibə dövrü… Onun normal lent yazıları da yoxdur. Rəmişin bir dənə normal lent yazısı var, onu da Vahid Mustafayevlə Mirşahinin sayəsində Londonda gözəl bir kasetini buraxdırdılar. Ondan başqa əlimizdə olan elə toyda lentə alınan həvəskar lent yazılarıdır”.
Aqil Abbas Rəmişlə bağlı roman da yazdığını bildirib:
“82-ci ildən Rəmiş haqqında bir roman, povest yazmaq istəyirdim, nəhayət yazıb bitirdim. O roman artıq yazılıb, hazırdır. Amma hələ çap etdirmirəm, gözləyirəm. Çünki Rəmiş gitarada necə ifa edibsə, haqqında yazılan yazı da elə təsiredici olmalıdır. Yoxsa sıradan bir şablon yazı olmaz. Onun üçün gözləyirəm ki, vaxt ötsün o yazını təkrar bir də oxuyum, sonra”.
Cəvahir