“Uzun zaman öncə FETÖ başçısı Gülənlə bağlı bir dostum belə demişdi: “Allah onu rəzil etmədən canını almasın”. Səbəbini də belə açıqlamışdı: “O, indi ölərsə, millət üçün büt olar”.
Yenicag.az xəbər verir ki, bunu Mətbuat Şurasının və Türk İnternet Media Birliyinin (TİMBİR) İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər “Fətullahçı” terror şəbəkəsinin (FETÖ) qurucusu, Türkiyədə hərbi çevrilişə cəhd edən Fətullah Gülənin ölümü ilə bağlı sosial şəbəkə hesabında yazıb.
FETÖ-nün Azərbaycandakı şəbəkələşməsinə qarşı mübarizənin öndərlərindən olan Aqil Ələsgər onun ölümünə gizli-gizli ağlayanların olduğunu bildirib:
“Sadəcə 11 il öncə bu ölüm gerçəkləşsəydi, Türkiyə günlərlə matəm edər, Qırğızıstan, Azərbaycan və dünyanın bir çox ölkəsində qiyabi cənazə namazı qılınar, yetişdirdiyi tələbələr televizor ekranları qarşısında gözyaşı tökərdilər. İndi də ağlayanı çox olacaq, amma hər zaman etdikləri kimi, gizli və hiyləgərcəsinə…
FETÖ 11 il öncə yetişə bildiyi ən zirvədə idi və Allah onu kəllə-mayallaq etdi, aşağı itələdi.
Dirəndikcə itirdi. İtirdikcə qəzəbləndi. Qiyama qalxdı. Və yenə məğlub oldu”.
Fətullah Gülənin yerinə terror təşkilatının başına kimin keçəcəyi ilə bağlı təxminlərini qeyd edən A.Ələsgər bunları vurğulayıb:
“Onu yerinə Abdullah Aymazın, yoxsa Naci Tosunun gələcəyini zaman göstərəcək. Lakin bilinən odur ki, terror təşkilatı hələ aktivdir və onun yerinə kim gəlsə, idarə etməyə davam edəcək. Çünki terror təşkilatının siması Gülən idi, özü isə şəxsən CIA projesi. Gülən öldü, yeni “Gülən” ilə təşkilatlanmağa, hiyləgərcəsinə dövlətlərin damarlarında yürüməyə davam edəcəklər. Yəni FETÖ başçısı öldü deyə, terror təşkilatı dağılmayacaq, tam əksinə, yeni qanla daha da qüvvə toplayacaq…
2007-ci ildə “Aydınlık” jurnalına müsahibəmdə: “Fətullah Gülən müsəlman deyil”, – demişdim. İndi də deyirəm ki, atəşin bol olsun, FETÖ…”
Qeyd edək ki, Aqil Ələsgər FETÖ-nün fəaliyyətini ifşa edən “Terrorun Gülən üzü” və “Sessiz İşgal: Azerbaycan’dakı FETÖ Örgütlenmesi” adlı iki kitabın müəllifidir. A.Ələsgər FETÖ terror şəbəkəsinə qarşı hələ 2006-2007-ci illərdən başlayan mübarizəsində ardıcıl fəaliyyəti ilə seçilib. FETÖ terror şəbəkəsi barədə gerçəkləri ifşa edən hər iki kitab Türkiyə və Azərbaycanda böyük rezonansa səbəb olmuşdu.
Nəsimi Ələsgərli