“Pandemiyanın yaratdığı şərait kənd təsərrüfatı sahəsində elektronlaşmanın inkişafına yol açıb”.
Yenicag.az xəbər verir ki, bu fikirləri pandemiya dövründə inkişafına stimul yaranan iqtisadi sahələrə toxunan İnnovativ Biznes İnkubatorunun (İBİ) direktoru Mircavid Həsənov deyib.
Mircavid Həsənov qeyd edib ki, pandemiya şəraitində onlayn biznesə maraq xeyli artıb və bu tendensiya sürətlə genişlənir:
“Pandemiya dönəmində marağın artdığı sahələrdən biri kənd təsərrüfatıdır. Belə ki, karantin rejimi ilə əlaqədar yollar bağlı olduğundan, kəndli və fermerlər onlayn satışa üstünlük veriblər.
Əslində, bu keçid çoxdan baş verməli idi. Sadəcə, cəmiyyətimizdə “görməsəm, ala bilmərəm” prinsipi geniş yayılmışdı. Artıq pandemiya dövrü bu yanaşmanı aradan qaldırıb. Ümumiyyətlə, postpandemiya dövründə hər bir insan üçün onlayn alış-veriş adi hala çevriləcək”.
Ekspert hesab edir ki, pandemiya dövründən sonra informasiya texnologiyaları üzərindən kommersiya işlərinə maraq artacaq:
“Eyni zamanda, kənd təsərrüfatı ölkə iqtisadiyyatının prioritet sahəsinə çevriləcək. Təxminən 3 ildən sonra bu sahənin neft sektoru ilə eyni səviyyəyə qalxacağı gözlənilir. Çünki kənd təsərrüfatı sahəsinə müəyyən vəsait yatırmaqla, bir müddətdən sonra yüksək gəlir əldə etmək mümkündür”.
Gülşən Şərif