Aqrar sektorda yanlış idarəetmənin FƏSADI: “Ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil”

“Aqrar sektorda toxumçuluq və seleksiya işi zəifdir, elmi yanaşma yoxdur, məhsuldarlıq aşağıdır, əl əməyindən çox istifadə edilir”.

Yenicag.az xəbər verir ki, bu sözləri aqrar sektordakı mövcud problemləri dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib.

İqtisadçıya görə, ölkədə aqrar sahənin ən böyük problemi insanlardan deyil, sistemdən qaynaqlanır. Sistemdə idarəetmənin düzgün formalaşdırılmaması qeyd olunan sahənin inkişafına zərbə vurmaqla yanaşı, fermerləri də ziyana salır:

“Dünyada ərzaq qiymətlərinin sürətlə bahalaşdığı bir dövrdə “ərzaq təhlükəsizliyi” məsələsi hər bir ölkənin qlobal təhlükəsizlik konsepsiyasında mühüm yer tutmağa başlayır. Ən vacib sahəsi isə taxıldır, əmtəəlik buğdadır. Bir sözlə, çörək məsələsidir. Cəlilabad aqrar sahənin inkişafı üçün ölkənin ən əlverişli rayonlardından biridir, məmləkətin taxıl bazası sayılır. Amma görün bu rayonda nə baş verir? Rayonun Günəşli kəndində yaşayan fermer Ələkbər Abbasov bildirir ki, “Moran Aqro” MMC-dən kiloqramı 80 qəpiyə aldığı toxum, demək olar ki, çıxış verməyib. Payız, qış dolanıb, yaz gəlib, yay olub, lakin tarlada nə taxıl cücərib, nə də məhsul yetişib. Digər fermer Ağasahib Ağayev deyir ki, hər il əkdiyi sahədən 6-7 ton buğda götürdüyü halda, bu mövsüm vur-tut 1,5 ton məhsul əldə edə bilib. O, məhsulun az olmasını toxumla əlaqələndirir. Qeyd edib ki, hansısa şirkətin bazarın yanındakı dükanında buğda toxumu satırlar. Bir çoxları kimi, o da fermer kartında olan vəsaitlə gedib o toxumdan alıb. Lakin nəticə uğursuz alınıb.

Yəni, fermerlər bilmir toxumu hardan alsın. Onlara məsləhət verən, dərs keçən, seleksiya işi aparan yoxdur.  Seçim imkanları da yoxdur. Cəlilabad kimi bir yerdə “ağıllı kənd”, idarəçilik qura bilməyən sistem, bunu işğaldan azad edilmiş torpaqlarımızda necə quracaq?! Azərbaycanda aqrar sektora münasibət fəlsəfi olaraq insan övladının 10 min il qabaq Mesopotamiyada torpağı əkib-becərməyə başlaması ilə eynidir. Bu yanaşma ilə elm, texnika, suvarma konsepsiyası olmadığı halda əl əməyi çoxdur”.

Gülşən Şərif