AQTA bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Yenicag.az xəbər verir ki, bunu Agentliyin şöbə müdiri Mansur Piriyev Qurban bayramı günlərində heyvan kəsimi və satışı fəaliyyətlərinə həsr olunmuş brifinqdə bildirib.

O bildirib ki, Qurban bayramı ilə əlaqədar heyvanlar daşınarkən müşayiətedici baytarlıq sənədləri ilə təmin edilməli, heyvanların satışı və kəsimi AQTA ilə razılaşdırılmış yerlərdə həyata keçirilməlidir:

“Həmçinin heyvan satılan yerlər və kəsim məntəqələrində baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri gözlənilməlidir. Heyvanların kəsilməsində iştirak edən şəxslər isə müvafiq tibbi müayinədən keçdikdən sonra fəaliyyətə buraxılmalı və digər tələblərə əməl olunmalıdır”.

M.Piriyev qeyd edib ki, 28, 29 iyun tarixlərində bayramın müvafiq norma və qaydalar çərçivəsində təşkilinə dəstək verən nəzarət tədbirlərinin təmin olunması məqsədilə AQTA müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək:

“Eləcə də bayram günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bu yerlərdən 80-də həm kəsim, həm satış, 46-da qurbanlıq heyvanların satışı, 12-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün qeyd edilən xidmətlərdən yararlana bilərlər. Satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq”.

Şöbə müdiri vurğulayıb ki, bununla yanaşı, regionlarda AQTA ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək: “Eyni zamanda ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları, eləcə də ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları Agentliyin rəsmi www.afsa.gov.az saytından əldə edə bilərlər”.

COP29