Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Azərbaycan Respublikasında 2020-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planı” üzrə ölkənin müxtəlif rayonlarında ümumilikdə 160 südçülük istiqamətli təsərrüfatlarda monitorinqlər keçirib.
AQTA-dan Yenicag.az-a veriləın məlumata görə, Bakı şəhəri, Abşeron, Xızı, Gəncə, Samux, Goranboy, Bərdə, Ağcabədi, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı bəzi təsərrüfatlarda iri və xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyi aşkarlanıb. Xəstəliyin aşkarlandığı qeyri-sağlam təsərrüfatlarda təlimata uyğun olaraq sağlamlaşdırıcı tədbirlər həyata keçirilib.
Yoxlamaların nəticəsi olaraq emal müəssisələrinə, ticarət şəbəkələrinə və ya süd dəyər zəncirinin digər seqmentlərinə daşınan xam südün ilkin istehsal sahəsindən (fermadan) pasterizasiya olunduqdan sonra çıxarılması, bu məqsədlə təsərrüfatların gündəlik istehsal gücünə uyğun pasterizasiya qurğusu ilə təmin edilməsi, süd və süd məhsullarının (pendir, qatıq, kəsmik və s.) kustar üsullarla qablaşdırılaraq pərakəndə şəkildə satışının qarşısının alınması istiqamətində inzibati və maarifləndirici tədbirlərin, damazlıq və yetişdirilmə məqsədilə satılan heyvanların satışına ancaq karantində saxlanılaraq bruselyoza görə laboratoriya müayinəsi aparıldıqdan sonra həyata keçirilməsi tapşırılıb.
Hazırda ölkəmizdə, bruselyoz xəstəliyinə qarşı aparılan nəzarət tədbirləri çərçivəsində beynəlxalq qurumlar tərəfindən qəbul olunmuş prinsiplərə uyğun olaraq hər il respublika ərazisində xəstəliyin yayılmasının müəyyən olunması üçün seromonitorinqlər keçirilir, iri və xırdabuynuzlu heyvanlar arasında Ümumdünya Heyvan Sağlamlı Təşkilatının (OIE) təlimatlarına uyğun peyvəndləmələr aparılır.
Aparılan bütün peyvəndləmə tədbirləri təlim keçmiş baytar həkimlər tərəfindən təlimata uyğun olaraq soyuq zəncir prinsipi gözlənilməklə həyata keçirilir.