AQTA: Ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam edir – FOTO

Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ərzaq məhsullarının satışı məntəqələrində monitorinqlər davam etdirilir.

AQTA-dan Yenicag.az-a verilən məlumata görə, AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı monitorinqlər keçirir. Agentlik növbəti belə monitorinqi Sumqayıt şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqələrində təşkil edib. Monitorinqlər zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə termiki emal olunmadan və təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının xüsusi yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim edilməsi ilə bağlı tövsiyələr verilib. AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları ərzaq satışı məntəqələrində quraşdırılıb.

Qeyd edək ki, indiyədək Agentlik tərəfindən bu sahədə bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub. Maarifləndrimə tədbirləri çərçivəsində respublikamızın bütün bölgələrində, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ərzaq məhsullarının satışı məntəqlərində AQTA əməkdaşları tərəfindən hazırlanmış təşviqat xarakterli çap materialları da ərzaq satışı məntəqələrində quraşdırılıb.

Agentlik bir daha vətəndaşları ərzaq məhsullarının satışı obyektlərində tətbiq olunmuş koronovirusla bağlı xüsusi rejimə əməl etməyə, virusdan qorunmaq üçün tələb olunan metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Qeyd edək ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.

COP29