AQTA-nın qida təhlükəsizliyinə “TÖHFƏ”Sİ: “Bu quruma həddən artıq funksiya verilib…” – MÖVQE

“Hal-hazırda qida təhlükəsizliyi sahəsində nəzarəti həyata keçirən bu qurum bir çox hallarda öhdəsinə düşən vəzifələri fiziki olaraq yerinə yetirə bilmir”.

Bu sözləri AQTA-nın yarıtmaz fəaliyyəti fonunda kütləvi zəhərlənmələrin sayının artmasına münasibət bildirən iqtisadçı ekspert Asif İbrahimli Yenicag.az-a açıqlamasında qeyd edib.


O bildirib ki, kafe və restoranlarda, eləcə də kütləvi tədbirlərin keçirildiyi məkanlarda agentlik tərəfindən müvafiq monitorinqlərin keçirilməsi mütləqdir:

“Artıq 2017-ci ildən bəzi dövlət qurumlarının səlahiyyətləri alınaraq müvafiq orqan təsis edildi ki, bu da Qida Təhlükəsizliyi Agentliyi olaraq adlandırıldı. Sözügedən quruma bir çox səlahiyyətlər verildi.

Belə ki, qida məhsulları, baytarlıq, sanitar-epidemoloji stansiyaların laboratoriyaları, həmçinin fitosanitar qaydalarla bağlı bir neçə səlahiyyətlər həmin quruma verildi. Eləcə də Kənd Təsərrüfatı Nazirliyindən də bir çox funksiya alıınaraq adıçəkilən qurumun nəzarətinə keçdi. Bütün bunları nəzərə alsaq, həddən artıq funksiyanın həmin quruma verildiyinin şahidi olarıq.

İlkin olaraq adıçəkilən qurum öz fəaliyyətini düzgün şəkildə həyata keçirə bilmədi. Artıq müəyyən dövr keçdikdən sonra qurumun işi şablon xarakter daşımağa başlasa da, bəzi işlərin öhdəsindən gəlməyi bacardılar. Düşünürəm ki, hal-hazırda qida təhlükəsizliyi sahəsində nəzarəti həyata keçirən bu qurum bir çox hallarda öhdəsinə düşən vəzifələri fiziki olaraq yerinə yetirə bilmir.

Mediadan da gördüyümüz kimi, ölkədə tez-tez kütləvi zəhərlənmə halları ilə qarşılaşırıq. Belə hallarla bağlı beynəlxalq standartlar tətbiq edilir. “Qida təhlükəsizliyi haqqında” Qanunda da bu standartlarla bağlı meyarlar öz əksini tapıb. Qida zəncirinin iştirakçılarının hər birinin öhdəliyinə nəzarət edilirdi.

Təəssüf ki, hazırda bu sahədə monitorinqlərin həyata keçirilməsində boşluqlar var. Məsələn, ictimai iaşə obyektləri, şadlıq sarayları, kafe və restoranlarda bu tip halların tez-tez pozulduğunun şahidi oluruq. Bu da qeyd edilən sahədə mövcud boşluqlardan xəbər verir.

Həmin obyektlərdə servis edilən məhsullardakı inqridiyentlər, istifadə edilən xammal, masalarda yaxma testlər və s. üzərində yoxlamalar həyata keçirilməlidir. Adi bir nümunə deyək: toy mərasimində bəy və gəlinin masasının üzərində olan böyük gül çələngi bəlkə də, uzun müddətdir ki olduğu kimi qalıb. Bunun özü böyük mikrob mənbəyidir.

Kafelərdə istifadə edilən boşqabların sanitar vəziyyəti ürəkaçan olmur. Həmin obyektlərdə qarşı tərəf istifadə olunan xammalın mənbəyi kimi bazarları göstərdiyi halda, onun təhlükəsizliyi haqda sənəd göstərə bilmir. Qeyd edilən sahələrdə ciddi problemlər mövcuddur. Fikrimcə, bu baxımdan aidiyyəti qurumun fəaliyyətiylə bağlı nizamnamə və təlimatlara yenidən baxılmalıdır”.

Yusif Səmədzadə