“Türkiyə və Azərbaycanın ortaq mübarizə apardığı şər mərkəzləri bizdən Ərdoğanı dəstəkləməyimizin qisasını alırlar”
Son günlər Fətullah Gülən Camaatı ilə bağlı informasiya çoxluğu öz növbəsində başqa bir problemi də bərabərində gətirib. Bəzən “qurunun yanında yaş elə yandırılır” ki, ah-naləsi belə eşidilmir. Aral Qrup tərəfindən redaksiyalara ünvanlanan məktubda da bu nüansa diqqət çəkilir.
Bildirilir ki, “4 aprel tarixində müxtəlif xəbər saytlarında yer alan “Nurçuların Azərbaycandakı müdhiş biznes şəbəkəsi adlı məqalədə “Aral Qrup” MMC-nin də adına yer verilmişdir. Məqalədə bizim müəssisənin və rəhbərimiz Ahmet Çetinin nüfuzuna ciddi xələlgətirici ifadələrə yer verilmişdir.
Bildirmək istərdik ki, cənab Ahmet Çetin Azərbaycanın ən ağrılı günlərində Azərbaycana yardıma gəlmiş Türk insanlarından biridir”.
Şirkət bildirir ki, “Türkiyə vətəndaşı olaraq, Ədalət və Qalxınma Partiyasını (AK Partiya) və onun dünya lideri olan sədri, baş nazir Rəcəb Tayyib Ərdoğanın sadiq tərəfdarı olan Ahmet Çetin iki qardaş ölkə prinsipinə hər zaman sadiq qalmışdır. Azərbaycan Respublikasında türk iş adamları üçün yaradılmış münbit şəraitldən faydalanaraq işgüzar fəaliyyətində ən ciddi uğurlara məhz Azərbaycanda nail olan Ahmet Çetin və onun Azərbaycanda qurduğu kommersiya qurumların iki qardaş ölkənin münasibətlərə zərər verə biləcək hər hansı bir şəbəkədə iştirakı mümkün deyil”.
Aral Qrupdan gələn məktubda diqqət çəkən məqam budur ki, şirkət bütün bunları media mənsublarının günahı hesab etmir. Ərdoğanı dəstəklədikləri üçün biriləri tərəfindən hədəf göstərildiklərini bildirirlər: “Hesab edirik ki, şirkətimizin isminin bu kimi qaranlıq şəbəkələrlə əlaqələndirilməsi məqsədyönlüdür və Türkiyə və Azərbaycanın ortaq mübarizə apardığı şər mərkəzləri qəsdən bizim kimi şirkətlərin adlarını mediaya ötürərək, cənab Ərdoğanın fəaliyyətlərini cani könüldən və yüksək sədaqətlə dəstəkləməyimizin qisasını alırlar”.
Özəl mənbədən aldığımız məlumatda da deyilir ki, Aral Qrup son illərdə Fətullah Gülən Camaatına qarşı Ərdoğanı dəstəkləyən iş adamlarından biri olmuşdur. TUSİAB üzvü olmasına baxmayaraq, son aylardakı konfranslarında da iştirak etməyən Ahmet Çetin 17 dekabrdan sonra İstanbulda Ərdoğanı qarşılama mitinqinin də iştirakçısıdır. Bütün bunlar isə Ahmet Çetinin Gülən camaatının niyə hədəfi olduğunu ortaya qoyur. /PİA.AZ