ARAŞDIRMA: Sahibkarlığın İnkişafı Fondu KİV-ə niyə kredit ayırmır?

Medianın inkişaf etdirilməsi üçün jurnalistlərin peşəkarlığı qədər maddi-texniki bazanın da yerində olması vacibdir. Amma bu gün media qurumlarının əhəmiyyətli hissəsi maliyyə sıxıntısı içindədir. Bu isə bütövlükdə mətbuatın inkişafına ciddi təsir göstərir.

Doğrudur, Media İnkişaf Agentliyi KİV layihələrini maliyyələşdirir. Bu ildən çap mediası ilə yanaşı onlayn mediaya da aylıq 3 min manat həcmində maliyyə dəstəyi göstərilir. Amma bu, güclü media yaratmaq üçün yetərli deyil.

Media mənsubları hesab edir ki, vəziyyətdən çıxış yolu kimi reklam bazarının formalaşdırılması, KİV layihələrinə güzəştli kreditlərin verilməsi gündəmə gətirilməlidir.

Bu yerdə Sahibkarlığın İnkişafı Fondu (SİF) yada düşür. 1992-ci ildən fəaliyyət göstərən Fondun vəsaitlərinin istifadəsi üzrə PRİORİTET (seçdirmə bizimdir -red) istiqamətlərdən biri KİV-in inkişafı layihələrinin dəstəklənməsidir. Məlumat üçün deyək ki, Fond güzəştli kreditləri dövlət büdcəsi hesabına verir.

SİF-in rəsmi veb-səhifəsində qeyd edilib ki, indiyə qədər 38 320 sahibkara dəstək verilib. Layihələrin ümumi dəyəri 5 milyard 990 min 732 AZN-dir. Bu günə qədər verilən güzəştli kreditlərin ümumi məbləği isə 2 milyard 571 min 638 AZN təşkil edir.

Fondun İdarə Heyətinin sədri Kənan Nəcəfov bu ilin fevralında keçirdiyi mətbuat konfransında bildirib ki, 2020-ci ildə SİF tərəfindən sahibkarlara müvəkkil kredit təşkilatları vasitəsilə layihələrin ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 126.9 milyon manat güzəştli kredit verilib. Kreditlərin 57%-i aqrar sektorun (istehsal və emal), 43%-i sənaye məhsullarının istehsalı, emalı və digər sahələrin inkişafına yönəldilib. Verilmiş kreditlərin 79%-i regionların, 21%-i isə Bakı qəsəbələrinin payına düşür. Güzəştli kredit alanların 99%-dən çoxu mikro, kiçik və orta sahibkarlıq, 1%-dən az hissəsi isə böyük sahibkarlıq subyektləridir.

Onu da qeyd edək ki, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək müəyyən edilib.

Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyev 2004, 2005, 2006, 2009 və 2011-ci illərdə fərmanlar imzalayıb. Bu sənədlər güzəştli kredit vəsaitlərinin daha məqsədli layihələr üzrə yerləşdirilməsini, eləcə də sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərindən səmərəli istifadə edilməsinə əlverişli şərait yaradılmasını nəzərdə tutur.

Lakin Fond yaranandan indiyə qədər hansısa media qurumunun kredit imkanından yararlanması faktına rast gəlinməyib. SİF-in məlumatlarında bu barədə hər hansı qeyd yoxdur.

Məsələn, mövzu ilə bağlı müraciət etdiyimiz Modern.az saytının təsisçisi Elşad Eyvazlı Qaynarinfo-ya bildirib ki, SİF-in media layihələrinin dəstəklənməsi üçün güzəştli kredit ayırmaq öhdəliyinin olduğundan xəbərsizdir. Bu baxımdan, Fonda müraciət etməyib.

“Mən rəhbərlik etdiyim saytın inkişafı üçün hətta borca da girmişəm. Belə bir imkanın olmasından xəbərim olmayıb. Əgər Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin istifadəsi üzrə prioritet istiqamətlərdən biri media layihələrinin dəstəklənməsidirsə, o zaman bu məsələnin gündəmə gətirilməsi yaxşı olardı. Ümumiyyətlə, hesab edirəm ki, jurnalistlərə müəyyən güzəştlər olmalıdır. Məsələn, götürək ictimai nəqliyyatı. Jurnalistlər ictimai nəqliyyatdan daha çox istifadə edir. Təəssüf ki, biz də bu yoxdur. Nəinki güzəştli kredit, bəzən ümumiyyətlə kredit götürmək olmur. Əksər banklar jurnalist olduğunu biləndə kredit verməkdən imtina edir. Yəni, özləri də bilirlər ki, jurnalistlərin imkanı aşağıdır. Ona görə də bu məsələlərin qabardılmasını vacib sayıram”, – Elşad Eyvazlı deyib.

Qafqazinfo.az saytının təsisçisi Elbrus Ərud da hesab edir ki, qaldırılan məsələ kifayət qədər aktualdır. “Doğrudur, mən Fonda müraciət etməmişəm. Amma bu məsələnin qabardılmasını aktual hesab edirəm. Medianın inkişafı üçün maliyyə imkanlarının olması əsas şərtdir.
KİV-ə güzəştli kreditlərin verilməsi medianın inkişafını şərtləndirə bilər”, – deyə Elbrus Ərud vurğulayıb.
“Qaynar-media” qrupunun rəhbəri Zahir Əzəmət də mövzu ilə bağlı fikirlərini bölüşüb:

“Son illərdə işimizi genişləndirmək və inkişaf etdirmək üçün dəfələrlə müxtəlif banklardan yüksək faizlərlə biznes kreditləri götürmüşük. Yəqin ki, bizim kimi, bir çox digər KİV-lər də zərurət yarandıqda eyni addımı atıblar. Halbuki Sahibkarlığa İnkişaf Fondunun priotitet sahələrindən biri də KİV-in inikaşıfına kredit ayrılmasıdır. Təəssüf ki, biz indiyə qədər bunun şahidi olmamışıq. Olubsa da, güman ki, hansısa ortada olmayan, heç kimin tanımadığı strukturlara ayrılıb. Dövlət bizə 3-5 faizlə güzəştli kreditləır ala bilməyimiz üçün hər cür hüquqi baza yaratdığı halda, niyə bundan bəhrələnə bilməyək? Məsələn, 15 ildə icarələrə ödədiyimiz məbləğlə özümüzə bir neçə dənə şəxsi ofis ala bilər, işlərimizi daha dayanıqlı şəkildə qura bilərdik. Bunu isə yalnız güzəştli kreditlə etmək olar. Yaxud, müasir trendlərə uyğunlaşmaq, multimedia imkanları yaratmaq üçün avadanlıqlar ala, müasirləşə, inkişaf edə bilərdik. Niyə bu məqsədlərlə güzəştli kreditlər ala bilməyək? Hər iki halda alınan əmlak və avadanlıqlar özləri kredit girovu kimi çıxış edə bilər. Bunu ona görə deyirəm ki, Fondun bu istiqamətdə deyəcək bəhanələrini təxmin edirəm. Ümid edirəm ki, yeni yaranan Media İnkişaf Agentliyi bu istiqamətdə hərəkətə keçəcək, uğurlu koordinasiya yaratmağa nail olacaqdır”.

İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, medianın inkişafı üçün onlara güzəştli kreditlər verilməsi daha məqsədəuyğundur: “Təbii ki, Azərbaycanda medianın inkişafı tək söz azadlığı və jurnalistika problemləri ilə bağlı deyil. Medianın inkişafı əsasən rəqabətli mühitdə reklam bazarının genişlənməsi ilə əlaqədardır. Yəni, nə qədər reklam bazarı geniş olacaqsa, bir o qədər də media inkişaf edəcək. Bu, dünyada qəbul olunmuş trenddir. Təəssüf ki, Azərbaycanda reklam bazarının həcmi Gürcüstandan belə, kiçikdir. Baxmayaraq ki, Gürcüstan həm ərazisinə görə Azərbaycandan kiçikdir, həm də əhalisi bizdən iki dəfə azdır. Media həm də biznesdir. Bu baxımdan, medianın inkişafı üçün əsas prioritet olaraq, dövlət tərəfindən rəqabətli mühitin yaradılması, iqtisadi azadlıqların genişləndirilməsi həyata keçirilməlidir. Eyni zamanda media qurumlarına Sahibkarlığın İnkişfaı Fondu tərəfindən güzəştli kreditlər verilməlidir. Bilirsiniz, jurnalist özü vəsait qazanıb şəraitini yaxşılaşdırmalıdır. Yəni, onun sosial vəziyyəti gəlirindən asılı olmalıdır, dövləttin münasibətindən yox. Ona görə də doğrudan Fond hansısa formada media layihələrini dəstəkləsə, paralel olaraq da rəqabətli mühitin, reklam bazarının artması üçün bir şərait yaranarsa, bu zaman KİV layihələri də daha rentabelli və qazanclı olar. Bu baxımdan mikrokreditlər vasitəsilə KİV-lərin dəstəklənməsi daha doğru olardı”.

Bəs Sahibkarlığın İnkişafı Fondu nə deyir? Bu günə qədər niyə hansısa media qurumuna güzəştli kredit verilməyib? Qurumun mətbuat xidmətinin rəhbəri Gülnar Hüseynin sözlərinə görə, bu günə qədər Fond tərəfindən KİV-in inkişafı layihələrinin dəstəklənməsi istiqaməti üzrə 42 layihəyə 8 milyon 579 min manat məbləğində güzəştli kredit verilib. “Bu kreditlər nəşriyyat işi və poliqrafiya da daxil olmaqla, KİV-in fəaliyyətinin genişləndirilməsini ehtiva edən layihələr üzrə verilib”, – deyə o əlavə edib.

Lakin Gülnar Hüseyn konkret olaraq hansı media orqanlarına kredit verildiyini açıqlamayıb: “Bu məlumat konfidensialdır. Üçüncü tərəflərə ötürülməsinə icazə verilmir”.

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli Qaynarinfo-ya bildirib ki, Fondun verdiyi kreditlər kommersiya qurumlarının bir-birinə ötürdüyü vəsaitlər deyil. Ona görə də qurum bütün detalları açıqlamağa borcludur: “Bu, dövlət büdcəsinə aid vəsaitdir. Büdcədən ayrılan vəsaitin kimə getdiyi mütləq açıqlanmalıdır. “İnformasiya əldə etmək haqqında” Qanunun 9-cu maddəsi büdcədən ayrılan vəsaitlərin xərclənmə istiqamətinə görə məhz həmin Fondu informasiya sahibi hesab edir. Bu vəsaitlər kredit, qrant və bağış da ola bilər. Bunlarla bağlı bütün detallar açıq olmalıdır. Burada kredit alanların məlumatlarının gizlədilməsi heç bir halda yolverilən deyil. Əgər Sahibkarlığın İnkişafı Fondu banklar kimi özəl kommersiya qurumu olsaydı, o zaman müştərilər haqqında məlumat kommersiya sirri hesab edilə bilərdi. Amma bu Fond dövlət qurumudur və dövlət vəsaitlərini yönləndirir. Ona görə də bu məlumatlar açıq məlumatlar sayılır. Azərbaycan Konstitusiyasının 50-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi də bunun tələb edir. Siz onların verdiyi cavabı əsas götürərək məhkəməyə müraciət edə bilərsiniz”.

Hüquqşünas Xalid Ağəli hesab edir ki, Fondun bu addımı qanunsuzdur. “Sahibkarlığın İnkişafı Fondu dövlət qurumu olduğunua görə özü bu məlumatları açıqlamalıdır. Yəni, sizin Fondan tələb etdiyiniz məlumatlar əslində sorğu ilə əldə edilə biləcək məlumatlar deyil. Bunu qurum özü açıqlamalı, rəsmi saytında yerləşdirməlidir. Əgər saytda həmin məlumatlar yoxdursa, üstəgəl, sizin müraciətinizlə də açıqlanmırsa, bu, artıq kobud qanun pozuntusudur”, – deyə hüquqşünas vurğulayıb.

Xatırladaq ki, yaxınlara qədər, yəni adıçəkilən qurum publik şəxsə çevrilənə qədər, hansı sahibkarın, hansı layihəsinə nə qədər vəsait ayrıldığı qurumun saytında açıq yerləşdirilirdi və konfidensial sayılmırdı. Qurumdakı ad, rəhbər və bəzi struktur dəyişikliklərindən sonra birdən-birə açıq məlumatlar yığışdırıldı və onları ümümumi statistik rəqəmlər əvəz etdi. /Qaynarinfo/