!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Araz Əlizadə və Eynulla Fətullayev kimilər eyni mərkəzdən idarə olunurlar” – Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Elçibəyin və onunla eyni komandada təmsil olunanların hədəfə götürülməsinin arxasında kimlərin dayandığı məlumdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Haqqin.az saytının rəhbəri Eynulla Fətullayevin ötən həftə Hollandiyanın paytaxtı Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin (AAK) növbədənkənar qurultayındakı çıxışında Azərbaycan xalqını təhqir etməsinə reaksiya göstərən “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Qeyd edək ki, Fətullayev qeyd olunan tədbirdəki çıxışında Avropaya mühacirət etmiş azərbaycanlıların getdikləri ölkələrin cəmiyyətinə inteqrasiya edə bilməməyin səbəblərindən danışarkən, millətə yönələn təhqiramiz ifadələrə yol verib.

O, Azərbaycanın əyalət sakinlərini “çuşka” adlandırıb və xüsusilə, qadınları təhqir edərək, problemin səbəbi kimi az qala onları göstərib. Bundan başqa, Fətullayev mövzuya aid olmadığı halda, ölkənin sabiq hakimiyyət rəhbərlərini, eks-prezident Əbülfəz Elçibəy və eks-spiker İsa Qəmbəri də təhqir edib. Nə qədər təəccüblü olsa da, Fətullayev bütün bunları Azərbaycanın dövlət rəsmilərinin də qatıldığı tədbirdə nümayişkar tərzdə söyləməkdən çəkinməyib.

Eynulla Fətullayevin Amsterdamda Azərbaycan xalqını təhqir etməsi barədə Yenicag.az-a danışan “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bu qəbuledilməz tendensiyanın eyni mərkəzlərdən idarə olunduğunu bildirib:

“Azərbaycan dövlətinə, türk kimliyinə və heç vaxt imtina etməyəcəyimiz dəyərlərimizə qarşı davamlı hücumların şahidiyik. Milli yanaşmalardan uzaq, kosmopolit düşüncəyə malik olan fərdlərin bu fəaliyyətlərinin eyni mərkəzlərdən yönəldildiyi qənaətindəyəm.

O baxımdan, Araz Əlizadə, Eynulla Fətullayev və digərlərinin türklüyə, milli dövlət quruluşuna, millətin özünə həqarətli baxışlarını belə cəsarətlə bəyan etmələri təsadüfi deyil.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edərək, tam müstəqil dövlət kimi inkişafında maraqlı olmayan iki mərkəz var: Moskva və Tehran. Qeyd etdiyimiz məsələlərdə də fəallıq göstərənlər məhz həmin mərkəzlərin mövqelərinə uyğun davranırlar – istər bilərəkdən olsun, istərsə bilməyərəkdən.

Bu qüvvələrin Azərbaycanda bir il iqtidarda olan Elçibəy hakimiyyətini, dövlətin milli mahiyyət üzərində təşəkkülünü istəməyənlər kimlər ola bilər? Sualın cavabı aydındır.

Kim inkar edə bilər ki, Azərbaycanda demokratik təsisatların əksəriyyəti Elçibəy hakimiyyəti dövründə təşəkkül tapıb? İndi Elçibəyin və onunla eyni komandada təmsil olunanların hədəfə götürülməsinin arxasında kimlərin dayandığı məlumdur.

Açıq etiraf edək ki, bu tendensiya hətta ölkənin prezident institutu üçün də müəyyən təhdidlər yaradır. Yəni adlarını çəkdiyim mərkəzlər hakimiyyətdə kimin olmasının fərqinə varmadan Azərbaycan dövlətçiliyini sarsıtmaq planlarından əl çəkmirlər.

Əlizadə, Fətullayev və digərlərinin millətə və dövlətə qarşı yönələn çıxışlarını da bu kontekstdə qiymətləndirmək lazımdır. Ancaq əlbəttə ki, bu şəxslər çox xırda detaldırlar, icraçıdırlar. Əsas hədəf o təhlükənin mənbəyi olmalıdır”.

A. Zeynalov

www.yenicag.az

2087
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv