Araz FM-in yayıma başlamasından 12 il ötür

Bu gün milli musiqinin ünvanı olan Araz FM-in yayıma başlamasından 12 il ötür.

Azərbaycan radio məkanında öz dəsti-xətti ilə seçilən və dinləyicilərin zövqünü, ruhunu oxşayan radiomuz ilk dəfə 2011-ci il aprelin 4-də 103.3 tezliyindən dinləyicilərə səslənib. 12 ildir ki, Araz FM hər gün fərqli informativ və əyləncəli verilişlərlə öz auditoriyası ilə görüşür. Bu radionun fərqi dünyanın ən doğma, əvəzsiz incəsənət nümunəsi olan Azərbaycan musiqisinin təbliğidir.

Qovuşdurmağı özünə deviz seçən Araz FM dalğaları aşır, könülləri oxşayır.

Radionun fəaliyyətinin 12-ci ildönümü günündə yaradıcı heyəti təbrik edən Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov son dövrdə Araz FM-in fəaliyyətindən və yeniliklərdən danışıb: “Son illər ərzində Araz hər mənada – həm çay olaraq, həm ictimai-siyasi baxımdan, həm media kimi böyük əhəmiyyət daşıyır. Araz radiosu da hamımızı birləşdirən, xüsusi dəyərləri, mədəni kodlarımızı birləşdirən bir radiodalğadır. Son vaxtlar Araz böyük bir rəmzə çevrilib. Azərbaycanda elə bir ailə yoxdur ki, milli musiqimiz səslənəndə onu tanımasın, muğamı dinləməsin”.

Xəzər Media Mərkəzinin tərkibində fəaliyyət göstərən Araz FM-ə bundan sonra da uğurlar arzulayırıq, Azərbaycanla bağlı ən xoş xəbərlərin ünvanı olmasını diləyirik!