“Araz-Naxçıvan” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.
Bu barədə “Report”a Naxçıvan təmsilçisinin icraçı direktoru Eldəniz Yusifov məlumat verib.
Onun sözlərinə görə, 40 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib:
“Dünənki oyundan sonra rəhbərliyin görüşü oldu, müzakirə aparıldı. Qarşılıqlı razılıq əsasında baş məşqçi ilə yollarımızı ayırmaq qərarına gəldik”.
İcraçı direktor komandanın son vaxtlar Premyer Liqadakı nəticələrinin istefaya yol açdığını gizlətməyib:
“Komandanın son durumu məlumdur. Mövsümə yaxşı başlamışdıq. Lakin son vaxtlar “qara zolağ”a düşdük. Uzun müddət vəziyyətdən çıxmağa çalışdıq. Sonda yolların ayrılması məqsədəuyğun bilindi”.
Qeyd edək ki, “Araz-Naxçıvan” ötən mövsüm Azər Bağırovun rəhbərliyi altında Birinci Divizionun çempionu olub. Komanda 29 turdan sonra 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşır.