“Araz Supermarket”dən ŞİKAYƏT: Müştərilər endirim adı altında aldadılır – FOTO

“Kassada endirimli qiymət çıxmır və məhsulun öz qiymətini vururlar”.

Yenicag.az xəbər verir ki, bunu “Araz Supermarket”dən endirim adı altında aldığı məhsulun heç də vitrində qoyulan qiymətlə eyni olmamasından və aldadılmasından şikayətçi olan Araz Məmmədov deyib.

O bildirib ki, sözügedən supermarketlər şəbəkəsi müştəriləri aldatmaqla əlavə qazanc əldə edir:

“Babək prospektində yerləşən mağazadan “Uludağ” adlı içki götürdüm. Vitrində 2.49 manat silinərək endirimlə 1.89 manat göstərilib. Lakin çekdə məhsulun qiyməti 2.29 manat çıxır. Bununla bağlı etiraz etdikdən sonra məbləği geri qaytardılar. Belə başa düşmək olur ki, əslində, məhsulun qiyməti 2.29 manatdır. Sadəcə vitrində məhsulun üzərinə vurulan 2.49 manatdan üzərindən xətt çəkərək 1.89 manat yazılması guya böyük endirimin olduğunu göstərmək üçündür. Kassada isə heç endirimli qiymət də çıxmır və məhsulun öz qiymətini vururlar.

Təsəvvür edin, endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görür, inanaraq alır, bəlkə, çox müştəri heç aldadıldığının fərqində də olmur. Ona görə də aldığın məhsulların bütün qiymətlərini və çeki analiz etmək daha yaxşıdır. Əks halda, mağaza tərəfindən aldanmağınızdan heç xəbəriniz də olmayacaq”.

Gülşən Şərif