Argentina İranın Venesuelaya verdiyi təyyarəni ələ keçirdi

Argentina ABŞ-nin tələbi ilə Venesuelaya məxsus yük təyyarəsini ələ keçirib. ABŞ-nin bir müddətdir, təyyarəyə qarşı sanksiyalar tətbiq etdiyi bildirilir.

Bu barədə Yenicag.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, Argentina iyunda saxlanılaraq ABŞ-nin sanksiyalar tətbiq etdiyi Venesuela aviaşirkətinə təhvil verilən yük təyyarəsinin ələ keçirilməsinə qərar verib.

Argentina mətbuatında yayılan xəbərə görə, federal hakim Federiko Villena ABŞ-nin tələbi ilə İran hava yolu şirkətindən Venesuela hava yolu şirkətinə verilən yük təyyarəsinin müsadirə edilməsinə qərar verib.

Bildirilir ki, Villena Argentina ilə ABŞ arasında qarşılıqlı hüquqi yardım müqaviləsini əhatə edən qanun çərçivəsində təyyarənin müsadirə edilməsinə qərar verib.

İyunun əvvəlindən paytaxt Buenos-Ayres yaxınlığındakı Beynəlxalq “Ezeiza” Hava Limanında saxlanılan təyyarənin taleyini Argentina və ABŞ yurisdiksiyası həll edəcək.

ABŞ-nin məhkəmə sistemi avqustun əvvəlində Venesuela təyyarəsinin müsadirə edilməsinə dair sərəncam verib və onu Argentina hakimiyyətinə çatdırıb.

Venesuela təyyarəsinin Argentinada saxlanması Buenos-Ayres hökumətində narahatlıq yaradıb./Report/