!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arif Hacılı: “Əli İnsanovun “dəyirmi masa”da iştirakı cəmiyyətin maraqlarına uyğundur” – MÜSAHİBƏ

!Reklam – Yazi

“İlqar Məmmədovu tədbirə dəvət etmişdim, o da bu təklifə pozitiv yanaşdığını bildirmişdi”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində müxalifət təmsilçilərinin iştirakı ilə dünən keçirilmiş “dəyirmi masa”nın məqsədi və formatına aydınlıq gətirən Müsavat partiyasının başqanı Arif Hacılı deyib.

– Sizin təşəbbüsünüzlə dünən baş tutan “dəyirmi masa”ya digər müxalif partiyalarının sədrləri birmənalı yanaşmayıb. Onlar bildirirlər ki, orada ancaq müxalifətin bir kəsimi təmsil olunub. Mehman Əliyev, Hikmət Hacızadə və Əli İnsanovun “masa”da iştirakı da birmənalı qarşılanmayıb…

– “Dəyirmi masa”, adından da göründüyü kimi, konkret məsələnin müzakirə olunması üçün təşkil olunan bir tədbirdir. Orada ölkədə yaranmış siyasi vəziyyət, bu vəziyyətdən çıxış yollarının müzakirəsi nəzərdə tutulurdu. Ona görə də, oraya bəzi partiya rəhbərləri ilə yanaşı, ictimai təşkilat rəhbərləri, ölkədəki çağdaş durumu dəyərləndirmək imkanına malik olan təcrübəli siyasətçilər, ictimai xadimlər də dəvət olunmuşdu. Bu, hər hansı bir blok və ya müttəfiqlik formatı deyil. Sadəcə olaraq o toplantıda funksional əməkdaşlıq barədə razılaşma əldə etdik. Qarşılıqlı ittihamların olmaması, bütövlükdə cəmiyyətin demokratikləşməsi istiqamətində fəaliyyətin koordinasiya edilməsi ilə əlaqədar razılıq əldə olundu.

Eyni zamanda biz həm müxalifət, həm də iqtidar tərəfdarlarına müraciət etdik ki, siyasi mübarizədə mənəvi, əxlaqi normalara, etik qaydalara əməl olunsun, qarşılıqlı ziddiyətlər kobud qarşıdurma müstəvisinə keçməsin. Eyni zamanda, Azərbaycan hakimiyyətindən Konstitusiyaya, qanunlara əməl edilməsi, korrupsiyaya son qoyulması, ölkədə söz və ifadə azadlığının, sərbəst toplaşma azadlığının, digər fundamental insan haqlarının təmin olunması tələb edildi.

Bundan başqa, seçkilərlə bağlı, eyni zamanda, demokratik hüquq və azadlıqların pozulmasına etiraz edildi. Başqa sənədlər də qəbul olundu. Məncə, bu toplantı öz məqsədinə nail oldu. Əvvəla, ölkədəki siyasi vəziyyəti müzakirə edə bildik. Bu müraciətlərimiz və qəbul etdiyimiz sənədlərin də cəmiyyətin maraqlarına xidmət edəcəyi qənaətindəyəm.

– Bildiyimiz qədər, İlqar Məmmədovu da “dəyirmi masa”ya dəvət etmişdiniz. Düzdür, o, hazırda Fransadadır. ReAl-ın təmsilçisi Natiq Cəfərli isə bildirib ki, İlqar Məmmədov müzakirə üçün bir layihə təklif edib. Əgər o layihə müzakirəyə çıxarılardısa, toplantıya qatılacaqmış. İlqar Məmmədovun təklif etdiyi o layihə müzakirə olunacaq?

– İlqar Məmmədovu tədbirə dəvət etmişdim, o da bu təklifə pozitiv yanaşdığını bildirmişdi. Birinci toplantıda iştirak etmək imkanı olmasa da, sonrakı toplantılara qatılacağını bildirmişdi. Eyini zamanda, müxtəlif sənədlər təklif olunmuşdu. Onun təklifinin də müzakirə olunub-olunmaması barədə məndən soruşmuşdu. Mən də həmin sənədin müzakirəsinin mümkünlüyü barədə fikrimi bildirmişdim. Onun tədbirə qatılmaması Azərbaycanda olmaması ilə əlaqədardır.

– Hökumətə islahatlarla bağlı təkliflər paketi hazırlayan, bu istiqamətdə parlamentdəki bəzi partiyalarla əməkdaşlıq edən Pənah Hüseynin “dəyirmi masa”ya dəvət olunmasını məntiqsizlik adlandıranlar da var…

– Format necə seçilir-seçilsin, narazı qalanlar olacaqdı. Bir daha deyirəm ki, məqsəd ölkədə yaranmış siyasi durumu müzakirə etmək və çıxış yolları barədə təkliflər hazırlamaq idi. Hesab edirəm ki, bu “dəyirmi masa”da iştirak edənlərin həmin məsələləri müzakirə etmək və fəaliyyətin koordinasiyasını qurması Azərbaycan cəmiyyətinin maraqlarına uyğundur. Ona görə də dəvət etdiyim siyasətçilər toplantıya qatıldılar.

– Bunun davamı gözlənilirmi?

– Hər halda, əksəriyyət prosesin davam etməsinin məqsədəuyğun olduğunu bildirdi. Zamanın tələbinə, şəraitin diqtəsinə uyğun olaraq, bu məsələlər barədə müvafiq qərarlar qəbul ediləcək.

– Əli İnsanovun toplantıya dəvət olunması, onun müxalifət lideri kimi önə çıxarılmaq cəhdi də bir çox suallar doğurub…

– “Dəyirmi masa”da heç kəs lider kimi tanınmır. O format bərabər hüquqlu tərəflərin toplantısıdır. Orada kiminsə liderliyindən təbii ki, söhbət belə gedə bilməz. Eyni zamanda, orada partiya sədri olmayan başqa şəxslər də var idi. Hesab edirəm ki, indiki siyasi şəraitdə Əli İnsanovun orada iştirak etməsi Azərbaycan cəmiyyətinin maraqlarına uyğundur. Ona görə də, onu dəvət etmişdim və o da mənim dəvətimi qəbul etmişdi.

Səxavət Məmməd

www.yenicag.az

1525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv