Arif Quliyevin məzar daşı qoyuldu – Yenicag.az problemi işıqlandırandan sonra – FOTO

Bir neçə həftə öncə Yenicag.az olaraq mərhum xalq artisti, tanınmış aktyor Arif Quliyevin məzar daşının hazırlanması ilə bağlı ailəsinin müraciətini işıqlandırdıq.

Maddi imkanı olmayan ailə əlaqədar qurumlar, o cümlədən Mədəniyyət və Turizm Nazirliyindən dəstək gözlədiyini bildirdi. Eyni zamanda, mərhum aktyorun sənət dostu Natiq Fərzəliyev saytımıza açıqlamasında “nazirlik üzərinə götürməsə, öz maddi vəsaitimiz əsasında məzar daşını hazırlamağa hazırıq”, deyib dəstəyini nümayiş etdirdi.

Mədəniyyət Nazirliyi isə saytımızın sorğusuna cavab olaraq büdcələrinin olmadığını əsas gətirdi.

Lakin problem artıq həllini tapıb. Cənab Prezidentin tapşırığı ilə Arif Quliyevin məzar daşı hazırlanıb.

Bu barədə Yenicag.az-a açıqlamasında aktyorun ailəsindən bildirilib:

“Cənab Prezidentin tapşırığı ilə aidiyyatı qurum ailəmizlə əlaqə saxladı və artıq məzar daşı hazırdır. Arif Quliyevin adına layiq bir məzardaşıdır, ailəmiz adından dövlətimiz və cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda Yenicag.az saytına, bizə dəstək nümayiş etdirən aktyor Natiq Fərzəliyevə təşəkkür edirik ki, bu məsələni gündəmə gətirdiniz və tez bir vaxtda problemimiz həllini tapdı”.

Aktyorun sənət dostu Natiq Fərzəliyev də saytımıza açıqlamasında minnətdarlığını ifadə edib:

“Dövlətimiz və cənab Prezidentimizə dərin minnətdarlığımızı bildiririk ki, səsimizə səs verdilər və sənət dostumun məzar daşı hazırlandı. Bu məsələni mətbuatda işıqlandırdığına görə Yenicag.az saytına təşəkkür edirəm”.

Xatırladaq ki, xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Cəvahir