!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arım, balım, pətəyim - Yarmarkadan Reportaj

!Reklam – Yazi

Oktyabr ayının 8-dən 28-ə qədər Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi ballara meydan sahibliyi edəcək.

Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 371 sahibkar 150 ton süzmə balı satışa çıxarıb. Yarmarkada arıçılıq məhsulları ilə yanaşı, dağlarda bitən müxtəlif bitkiləri də əldə etmək olar.

Yarmarkanın “Gənclik” metro stansiyasının yaxınlığında keçirilməsi alıcıların gəliş-gedişini də asanlaşdırıb.

Qiymətlər isə müxtəlifdir. 20 manatdan, 80-100 manata qədər bal əldə etmək olar.

Yenicag.az Arıçılıq məhsullarının sərgi-satış yarmarkasından hazırlanmış reportajı sizə təqdim edir.

Yarmarkada demək olar ki, Azərbaycanın hər bölgəsindən arıçılar məhsullarını alıcılara təqdim edir. Yarmarkaya girərkən ilk qarşılaşdığımız arıçı Daşkəsən rayonu Qabaqtəpə kənd sakini Məzahir Abdullayev olur. 30 ilə yaxındır ki arıçılıqla məşğul olduğunu bildirən arıçının sözlərinə görə, Qabaqtəpə arısı və balı dünyanın bir nömrəsidir:

“Qabaqtəpə arısının xortumu uzun olduğu üçün bütün çiçəklərdən şirə çəkə bilir. Təxminən 150 kq meşə, dağ, cökə balı satışa çıxarmışam. Balımın keyfiyyətinə söz ola bilməz. Yarmarkada da ticarət əla gedir”.

Yarmarkada olarkən insanların arıçılıq məhsullarına marağının çox olduğunu müşahidə edirik.

Arıçılıq məhsullarını bazara çıxaranlardan biri də Arıçılar Assosiasiyasının Qazax rayon şöbəsinin müdiri İlqar Həsənovdur. İlqar Həsənov Azərbaycanda kilo ilə arı südü istehsal edən az sayda arıçılardan biridir. O, bu il 3 kq arı südü istehsal edə bildiyini deyir:

“Arı südündən əlavə, yarmarkaya 200 kq bal çıxarmışam. Əslində isə buraya arıçılıq məhsullarından hazırlanan dərmanlara görə gəlmişəm”.

Yarmarkada bal satmağın çətin olduğunu deyən arıçı bildirir ki, çeşidlər həddindən artıq çoxdur:

“Ölkənin ən yaxşı və müxtəlif çeşidli balları buraya gətirilib. Rəqabət çoxdur. İnsanlar da çeşidlərin içərisində itib-batır. Təkcə Azərbaycana yox, Almaniyaya da bal satıram”.

Növbəti müsahibimiz respublikanın qocaman arıçılarından olan Hikmət Əliyevdir. O, Biləsuvar rayonunu təmsil edir. 31 ildir arıçılıqla məşğul olan Hikmət Əliyev, 14 ildir peşəkar çalışdığını deyir.

Arçılıq sahəsində peşəkarların az olduğunu deyən H.Əliyev bildirir ki, 100-dən çox yeşiyi olana peşəkar arıçı deyilir:

“Ancaq mən o cür hesab etmirəm. Peşəkar arıçı arıçılığın bütün sahəsini bilməlidir, arının bütün məhsullarını yığmalıdır. 200 yeşik arısı olan da var, ancaq o bu sahə ilə primitiv məşğul olur. Arıçı savadlı olmalıdır”.

Yarmarkada kiloqramı 20 manatdan 100 manata qədər olan ballar görürük. Balların bu qədər fərqli qiymətə olmasının səbəbi barədə Hikmət Əliyev bunları deyir:

“Əslində 20 manatlıq balla 100 manatlıq bal arasında fərq yoxdur. Sadəcə olaraq insan psixologiyasıdır. İnsanlar balı baha qiymətə alanda elə bilir ki, daha keyfiyyətlidir. Əslində isə elə deyil. Bir qədər çətin tapılan şabalıd və cökə balının bahalı olmasını normal qarşılayıram. Əgər bal təmizdirsə, qiymət fərqi olmamalıdır. Bu gün saat 13:00-a qədər 300 manatlıq bal satmışam. Bu il fərdi olaraq bir yeşikdən 102 kq bal götürə bilmişəm. Bu rekord nəticəmdir. Vaxt gələcək 100 kq həddi keçmək çox adi görünəcək”.

Xarici ölkələrə balın satışına gəldikdə isə Hikmət Əliyev bildirir ki, Yaponiyaya bal satır:

“Bu il Yaponiyaya 5 ton bal satmışam. Biyan balının müalicəvi əhəmiyyəti olduğu üçün Yaponiyadan sifariş gəldi və 5 ton satdıq”.

371 arıçı məhsullarını bazara çıxarsa da, onların arasında markalaşma demək olar ki, yox dərəcəsindədir. Arıçılar nədənsə öz məhsullarını brendləşdirməyə getmirlər. Qısa müddətdə arıçılıqla məşğul olan Elvin Bayramlı ailə bizneslərini “Balçı” adı altında brendləşdirib və bu adla bazara çıxarır.

Elvin Bayramlı bildirir ki, 4 ildir ki arıçılıq məhsullarının satışı ilə məşğuldur, ancaq atası arıçıdır:

“Balçı” adlı ailə biznesimizi yaratmışıq. Öz istehsal etdiyimiz məhsul sifarişləri ödəmədiyi üçün başqa arıçılardan da məhsul alıram. Atamla birgə çalışırıq ki, biznesimizi böyüdək. Əgər bir arıçının 100 arısı varsa və peşəkardırsa, gəziçidirsə bal zəif olduğu il öz ailəsini dolandıra biləcək. Bal yaxşı olsa, bir il ərzində topladığı məhsulla 2-3 illik qazanc əldə edə bilər. Söhbət peşəkar, müasir texnologiyalardan bəhrələnən arıçıdan gedir.

Bu il yarmarkada saxta bala rast gəlmək olmaz. Qida Təhlükəsizliyi Agentliyi bütün məhsulları yoxladı və sərt şəkildə saxta balın yarmarkaya girişini əngəllədi. Kənd Təsərrüfatı Nazirliyi isə reklam işlərini həll etdi. Arıçılar bu yarmarkadan çox yaxşı qazanc əldə edəcəklər. Hər bir arıçı 3-10 min manat və bəlkə də daha çox qazanc götürəcək”.

Arıçılar arasında çoxlu qadınlar da var. Onlardan biri də İmanova Zemfiradır. O, 20 ildir ki arıçılıqla məşğuldur. Ailəsini arıçılıqla dolandırdığını deyən qadın arıçı bildirir ki, yarmarkaya 250 kq bal, digər arı məhsulları və dağ otları gətirib.

Yarmarkadakı bütün arıçılar ağ xalat geyinib, təmizliyə nəzarət edildiyi gözdən qaçmır.

Səxavət Məmməd

www.yenicag.az

2824
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv