“Nikol Paşinyan hökuməti üçün xalqı aldatmaq 3 səviyyədən ibarətdir”.
Yenicag.az “Hraparak”a istinadla xəbər verir ki, bu sözləri erməni siyasətçi Artak Zakaryan sosial şəbəkə hesabına yazıb.
O, daha sonra fikrini belə ifadə edib:
1. Operativ Yalanlar: Bu yalanlar, fərqli mövzularla bağlı cari “gündəm” xəbərləridir. Bu yalanların məqsədi cəmiyyətin qısa müddətli çaşdırılmasını təmin etmək, səsləndirilən məsələlər barədə asanlıqla inanan və dərhal düşünməyən insanları aldatmaqdır. Məsələn: “qırmızı xətləri ləğv edəcəyik”, “asfalt yaxşıdır, buna görə də qəzalar çox olur”, “nağdsız ödənişlər pensiyaların artırılmasını göstərir”, “koronavirus saxta bir şeydir və pensetlə müalicə edilir”, “Şuşa ermənilər üçün bədbəxt və solğun şəhərdir”, “müharibəni dayandırmadıq ki, satqın deməsinlər”, “Dağlıq Qarabağ”ı əvvəlkilər təhvil verib”, “orduda silah yox idi”, “Dağlıq Qarabağda prezidentin dəyişməsi ermənilərin oradan çıxmasına səbəb oldu” və buna bənzər yüzlərlə yalan.
2. Taktiki Yalanlar: Taktiki yalanların məqsədi cəmiyyəti uzunmüddətli gözləmə vəziyyətində saxlamaq, onların emosional, mənəvi və ictimai dəstəyini qazanmaqdır – hakimiyyəti qorumaq məqsədilə. Taktiki yalanlara nümunə olaraq: “gələcək var”, “sabit sülhə can atırıq”, “sərhədin müəyyənləşdirilməsi Ermənistanın sərhəd təhlükəsizliyini gücləndirir”, “kommunikasiya xətləri açılacaq və Azərbaycanla ticarət edəcəyik”, “Konstitusiyanı dəyişəcəyik”, “Ermənistanda kadastr xəritəsi yoxdur”, “keçmişlər 30 il ərzində “Dağlıq Qarabağ” məsələsində danışıqlar aparıblar”, “talanı geri qaytaracağıq” və buna bənzər digər yalanlar.
3. Strateji Yalanlar: Strateji yalanlar isə daxili auditoriyalar üçün deyil və cəmiyyətin daim aldadılmasını təmin edir. Bu yalanlar Qarabağ və Ermənistan üçün əhəmiyyətli zərərlər gətirib və gətirəcəkdir. Nikolun hökumətinin strateji yalanları arasında “Rusiya ilə strateji əlaqələr heç vaxt bu qədər möhkəm olmayıb”, “ABŞ müşahidəçiləri Ermənistanın sərhədlərinin təhlükəsizliyini təmin edirlər”, “KTMT-yə müraciət etdik, amma kömək etmədilər”, “Ermənistan Avropa İttifaqına üzv olmaq prosesinə başlamağa hazırdır”, “Ermənistan sülhün kəsişmə nöqtəsinə çevrilməyə hazırdır” və s. kimi ifadələr yer alır.
Onun sözlərinə görə, bu kimi strateji yalanların dünən imzalanan erməni-amerikan strateji əməkdaşlığına dair müqavilə ilə davamı gəldi:
“Müqavilənin özünün erməni-amerikan əlaqələri baxımından normal bir addım olduğunu desək də, problem ondan ibarətdir ki, Nikolun hökuməti bunu şişirdərək növbəti strateji yalanına çevirir. Müqavilənin yayımlanan mətnində Ermənistanın qarşısında hər hansı bir hərbi təcavüz vəziyyətində ABŞ-dən şərtsiz dəstək yoxdur. ABŞ-nin Ermənistanın maraqlarına və təşəbbüslərinə beynəlxalq aləmdə dəstək verməsi nəzərdə tutulmayıb. Həmçinin hərbi-texniki və hərbi-siyasi əməkdaşlıqla bağlı yeni bir proses gözlənilmir”.
O, həmçinin əlavə edib ki, iqtisadi, humanitar, insan hüquqları və demokratiyanın inkişafı sahələrində, əsasən, əvvəlki Serj Sarkisyan dövründəki erməni-amerikan əlaqələrinin gündəmi təkrarlanır:
“ABŞ ilə nüvə əməkdaşlığı məsələsində formulələrin daha çox suallar yaratması, cavablardan çox narahatlıq doğurur. Regional əməkdaşlıq məsələləri də Ermənistanın gələcəyi üçün daha çox problem yaradır. Rusiya-İran münasibətlərinin gözlənilən yeni razılaşmaları, İranın ətrafındakı məsələlər və bölgədəki Azərbaycanın və NATO üzvü olan Türkiyənin aktiv rolu bu müqavilənin təsirini qeyri-müəyyən edir. Müqavilə Ermənistanın maraqlarını nə qədər əhatə edəcəyini dəqiq şəkildə göstərmir. Sonda isə Nikolun hökumətinin geopolitik münaqişələr üzərində qurulmuş yeni strateji yalanının, sadəcə, öz PR-larını gücləndirmək üçün uydurulmuş bir yalan olduğunu və bu yalanın Ermənistanın gələcəyinə yeni bir tələnin səbəb ola biləcəyini qeyd etmək lazımdır”.
Tərcümə: Rafi Müslümov