Artan erməni TƏXRİBATLARI: “Bütün sərəncamlar Moskvadan gəlir” – Keçmiş dövlət müşaviri

“Ağdərədən Ağdamdakı əsgərimizə güllə atılması o deməkdir ki, Azərbaycana güclü psixoloji təzyiq göstərilir”.

Bunu Ermənistanla Azərbaycan arasında müəyyən razılaşmalar fonunda qarşı tərəfin təxribat hallarına yol verməsinə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Rusiya hazırkı status-kvonun saxlanılması üçün hər variantdan istifadə edir:

“Atəşkəs təkcə sərhəd bölgəsində yox, Qarabağ daxilində də pozulur. Bu onu düşünməyə əsas verir ki, atəşkəsin pozulmasına hansısa dairələrdən sərəncam verirlər. O dairələrin İrəvanda olması şübhəlidir. Düşünürəm ki, bütün sərəncamlar Moskvadan gəlir. Bütövlükdə Avropa İttifaqının təşəbbüsü ilə sülhyaratma prosesinin başladılmasına mane olmağa çalışırlar.

Eyni zamanda, Qarabağ klanının Ermənistandakı nümayəndələrini ruhlandırırlar. Onları daha cəsarətli “mübarizə”yə çağırırlar. Vəziyyət gərgindir. Belə demək olar ki, Rusiyanın bəzi dairələri sülhyaratma prosesini əngəlləmək istəyirlər. Onlar münaqişəli vəziyyəti saxlamaq istəyirlər. Münaqişəli vəziyyətin qalması hər iki tərəfə təsir imkanını saxlayan amillərdən biridir”.

Səxavət Məmməd