Futbol üzrə U-15 və U-16 millimizin baş məşqçisi Vüqar Məmmədin Yenicag.az saytına müsahibəsi.
– Milli komandalara İspaniya, Ukrayna və İsveçdən azərbaycanlı futbolçuları dəvət etmisiniz. Seleksiya işləri davam etdirilirmi?
– Bəli, bu və bundan başqa ölkələrdən də yenə azərbaycanlı futbolçular dəvət etməyi nəzərdə tutmuşuq. Onları izləyir və nəzarətdə saxlayırıq. Mən həmişə demişəm ki, aşağı yaş üzrə millilərə çox böyük diqqət və qayğı göstərməliyik. Bu, çox önəmlidir.
– Maraqlı məqamlardan biri də odur ki, U-15 millisindən U-16-a 2003-cü il təvəllüdlü 7 futbolçu dəvət etmisiz. Onlar daha üstün oyun nümayiş etdirirlər, yoxsa başqa məqsədiniz var?
– Fikrimcə, ilk növbədə nəticə önəmli deyil. Məqsədimiz odur ki, gənclər təcrübə qazansınlar. Hamımız bu yöndə böyük işlər görməliyik. Bu işdə klubların da üzərinə böyük yük düşür. Milli olaraq bəzən risk etməliyik. Gələcəyi baxmalı, artıq fərqli düşünməyə çalışmalıyıq. Bu il Avropa ilkin seçmə mərhələsində U-17 millisində U-16-dan 3 futbolçu çıxış etdi. Bunlar “Qarabağ”dan Musa Qurbanlı, “Qəbələ”dən Veysəl Rzayev və “Neftçi”dən Mahir Həsənovdur.
– Əsas milliyə Qurban Qurbanovun təyinatı rəsmiləşəndən sonra, onun digər yaş qruplarına da nəzarət edəcəyi istisna deyil. Qurban bəylə görüşünüz olubmu? Ümumiyyətlə, Qurban Qurbanovun təyinatını necə qarşıladınız?
– Hələlik Qurban bəylə görüşümüz olmayıb. Ancaq onun bir an öncə fəaliyyətə başlamasını istəyirəm. Vaxt itirmək lazım deyil. Gecə-gündüz ölkə futbolunun inkişafı üçün çalışmalıyıq. Fikrimcə, bu yöndə Qurban Qurbanov əlindən gələni əsirgəməyəcək. Onun hansı potensiala sahib olduğunu artıq bilirik və bu baxımdan ondan öyrənəcəyimiz çox şey var. Birlikdə daha yaxşı işlər görəcəyimizə və daha uğurlu nəticələr qazanacağımıza əminəm. Bu ağır işdə ona uğurlar arzulayıram.
– Birdən sizin millidən ayrılmağınızı istəsə…
– Tam səmimi deyirəm, bunu normal qarşılayıb, Qurban müəllimin əlini sıxaram. O, belə məsləhət görürsə, deməli, belə də olmalıdır.
– Qarşıda “Mercedes-Benz Ege Cup” beynəlxalq futbul turnirində iştirak edəcəksiniz. Hazırlığınız necə gedir?
– Bu, 1999-cu ildən keçirilən turnirdir. Fikrimcə, bizə faydası çox olacaq. Turnirdə güclü komandalar iştirak edir. Bu da bizim üçün böyük təcrübədir. Artıq hazırlığa dünəndən etibarən başlamışıq. Komandada əhval-ruhiyyə də yüksəkdir. Uğurlu çıxış etməyə çalışacağıq. Futbolçularıma güvənirəm.
– Ötən il U-17 millisinə rəhbərlik edərkən ilk oyunda İngiltərə yığmasına 0:2 hesabı ilə məğlub olmuşdunuz. Yarışın davamında isə ingilislər Xorvatiyada keçirilən U-17 Avropa final mərhələsində finala qədər irəliləyib, həlledici matçda İspaniya ilə əsas vaxtda 2:2 heç-heçə edərək penaltilərdə məğlub oldular, lakin keçən ay Hindistanda keçirilən Dünya Çempionatında yenə finalda ingilislərlə ispanlar qarşılaşdılar və bu dəfə İngiltərə ispanları 5:2 hesabla darmadağın edərək çempion oldular. Həmin oyunu izlədinizmi?
– Baxıram ki, xeyli məlumat toplamısınız (gülür). Əlbəttə məşqçi heyəti ilə İngiltərə – İspaniya matçını izlədik. Oyun başa çatandan sonra iki dəfə də videoyazısına baxdım. Bu, bizim üçün dərslik idi. İngiltərə millisi bütün rəqiblərinə bizə qədər turnir və yoldaşlıq görüşlərdə darmadağınla qalib gəliblər – Almaniyanı 8:1, Xorvatiyanı 5:0, Belçikanı 6:0. Bu, İngiltərənin son 10 ildə ən güclü komandası hesab edilə bilər. Təbii ki, belə bir komandayla oyunda məğlubiyyət qaçılmaz idi. Amma uşaqların motivasiyası, istəkli olması, sona qədər mübarizə aparması hesabın 0:2 bitməsi ilə nəticələndi. Biz minimal hesablı məğlubiyyətlərə sevinmirik, heç belə bir niyyətimiz də yoxdur. Lakin işimizi elə qurmalı, elə çalışmalıyıq ki, bizi rəqibin kimliyi düşündürməsin.
– U-21 millimiz Almaniyaya qarşı oyununu izləmisiz? Qarşıda Kosova ilə matç da var…
– Təbii ki, həmin oyunu məşqçi heyətimizlə bərabər mən də izlədim. Qarşıda Kosova ilə matçı da izləyəcəyik. Həmin oyun təlim-məşq toplanışımıza təsadüf etdiyindən oyuna futbolçularımız da stadiondan baxacaq. Millimizə uğurlar arzulayıram.
Emin Səfərov