!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Arye Qut: “Təəssüf ki, 250 min azərbaycanlı öz evlərinə dönə bilməyəcək”- MÜSAHİBƏ

!Reklam – Yazi

2020-ci ildə Cənubi Qafqazda baş verən hadisələr, xüsusən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əzəli torpaqlarının azad edilməsi uğrunda Vətən müharibəsində qələbəsi bir daha sübut etdi ki, Odlar yurdu regionun real və həqiqi liderinə çevrilib, onun iştirakı və razılığı olmadan dünyanın bu mühüm geostrateji və logistik regionunda heç bir iri layihə həyata keçirilə bilməz.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib: “Azərbaycanın çoxvektorlu xarici siyasətində İsrail Dövləti xüsusi yer tutur. Bir neçə il bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahunun Azərbaycana rəsmi tarixi səfəri, həmçinin Vətən müharibəsində İsrailin real texnoloji və hərbi-texniki dəstəyi İsrail-Azərbaycan münasibətlərinin yaxın strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha sübut etdi”.

Qutun fikrincə, İsrail Azərbaycana daim böyük diqqət və səmimiyyətlə yanaşıb.

Arye Qut deyib: “Bu ölkədə antisemitizmin heç bir əlaməti yoxdur və heç vaxt olmayıb, rəsmi Bakı digər ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və indi də pisləyir. Təsadüfi deyil ki, İsrail hökumətinin başçısı Azərbaycana səfəri zamanı yəhudi icmasına xüsusi diqqət və böyük qayğının göstərildiyi Azərbaycanda multikulturalizm və tolerantlıq amilini yüksək dəyərləndirib.
Azərbaycan Prezidenti İlham Əliyev, öz növbəsində, qeyd edib ki, Azərbaycan yəhudiləri ölkənin ictimai-siyasi həyatında mühüm, çox qiymətli və birləşdirici rol oynayır, həmçinin Azərbaycan reallıqlarının dünyaya çatdırılması işinə böyük töhfə verirlər”.

Bir neçə gün bundan əvvəl İsrailin Diaspor Nazirliyi 2020-ci il ərzində dünyada antisemitizmin səviyyəsi barədə illik hesabat dərc edib. Məruzədə Ermənistanda müşahidə olunan mənfi faktlara xüsusi yer ayrılır.

İsrailin Diaspor Nazirliyinin hesabatında göstərilir: “Bu insidentlər əsasən yəhudi obyektlərinin təhqir olunmasında və İsrailin qərəzli və əsassız olaraq tənqidə tutulmasında öz təzahürünü tapır və izhar edilirdi.

Azərbaycanın 27 ildən artıq işğal altında qalan 20 faiz ərazilərinin azad edilməsi uğrunda Ermənistana qarşı apardığı müharibə Ermənistanda antisemitizmin narahatlıq doğuran səviyyədə artması ilə nəticələndi. Biz Ermənistan tərəfindən antisemitizmi İsrail və Azərbaycan arasında siyasi əməkdaşlığın və uğurlu hərbi-texniki, ticari tərəfdaşlığın sərt tənqidi fonunda müşahidə etmişik”.

İsrailli ekspert deyir: “Ermənistan bir faktı qəbul edə bilmir ki, məhz Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır, Azərbaycan İsraillə hərbi-strateji tərəfdaşlıqdan müxtəlif texnoloji üstünlüklər qazanır və bu üstünlükləri postsovet məkanının heç bir ölkəsi almır.

Zəfər paradının mexanikləşdirilmiş dəstəsinin ön sırasında İsrail istehsalı olan “SandCat-Stormer” zirehli maşınları üzərində quraşdırılmış 12,7 millimetrlik “NSV” pulemyotları, tank əleyhinə idarə edilən “SPIKE-ER”, “NLOS”, “LAHAT” raketləri, 120 millimetrlik “SPEAR” minaatanları, çoxsaylı pilotsuz uçuş aparatları (“Orbiter-1KM”, “Orbiter-2B”, “Orbiter-3B”, “Orbiter-4”, “Aerostar-BP”, “Heron”, “Hermes-450”, “Hermes-900” və “Harop”) və patrul sursatının nümayiş etdirilməsi faktı – bizim tərəfdaşlığımıza qibtə edənlərə real və düzgün cavabdır. Ermənistan bu müharibədə tam geosiyasi və hərbi fiaskoya məruz qalıb. 44 gün ərzində “şanlı erməni ordusu”nun imici məhv edildi və bu işğalçı ordu darmadağın olundu.

Son 17 il ərzində Azərbaycan rəhbərliyi ölkənin iqtisadi potensialını möhkəmlədir, güclü və müasir ordunun formalaşması üçün şərait yaradırdı ki, bu da hər bir ölkənin uğur və inkişafını müəyyən edən mühüm amillərdən biridir. Müasir, texnoloji cəhətdən güclü ordu ölkənin müstəqilliyinin möhkəmlənməsində və inkişafında, həmçinin regionda mühüm geosiyasi aktora çevrilməsində əhəmiyyətli rola malikdir”.

Arye Qut vurğulayır: “İsrail ürəkdən şaddır ki, nəhayət, ədalət qalib gəldi, Azərbaycan özünün işğal edilmiş əzəli torpaqlarını qaytara bildi və məcburi köçkünlər öz yurd-yuvalarına dönə biləcəklər. Lakin onların öz evlərinə qayıdacaqlarını deyə bilməyəcəyik, çünki ermənilər oranı tərk etməzdən əvvəl azərbaycanlıların evlərini yandırıblar. Təəssüf ki, biz 250 min azərbaycanlı qaçqının Ermənistanda qoyub gəldikləri öz torpaqlarına, öz evlərinə dönəcəklərini də deyə bilməyəcəyik”.

İsrailli ekspert deyir: “Mən Ermənistanda olan antisemitizm, antiisrail əhval-ruhiyyənin səviyyəsi barədə beynəlxalq KİV-lərdə, İsrail və Azərbaycan KİV-lərində tez-tez çıxışlar edirəm. Bu gün İsrail Diaspor Nazirliyinin məruzəsi mənim sözlərimi təsdiq edir. Mən bu məruzəyə görə çox minnətdaram. Antisemitizmin və faşizmin dövlət ideologiyasına çevrildiyi ölkədə, postsovet məkanında antisemitizm üzrə birinci yeri tutan ölkədə İsrail Dövlətinin məhvinə səsləyən çıxışlar milli siyasətin bir hissəsi hesab oluna bilər.

Hər kəsə yaxşı məlumdur ki, Ermənistan ən monoetnik ölkədir və burada şovinizm, millətçilik, faşistlərin və antisemitlərin “göylərə qaldırılması” həm əvvəlki rejimin, həm də Paşinyan rejiminin dövlət siyasətinin ayrılmaz hissəsidir. Vurğulamaq lazımdır ki, bu qaniçən faşist və antisemitlərin hərəkətləri hansısa marginal siyasi dəstələr tərəfindən dəstəklənmir, bu hərəkətlərin arxasında dövlət dayanır, daha dəqiq desək, müasir Ermənistan Respublikasının kriminal terrorçu rəhbərliyi dayanır”.

Qutun fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın İsrailə qarşı təxribat xarakterli bəyanatını İsraildə heç kim yaddan çıxarmayıb. Həmin bəyanatda deyilir:

“İsrail Azərbaycanı Ermənistan ilə bu münaqişədə dəstəkləməkdən ötrü Türkiyə ilə, terrorçu və suriyalı muzdlularla birləşib, yekunda İsrail bu ədalətsiz ittifaqdan əziyyət çəkəcək”.

“Bu gün İsrail Dövlətini və onun müttəfiqlərini “Qarabağda ermənilərin soyqırımını həyata keçirməkdə” yalandan ittiham edən Ermənistan kimi tərəfdaş yaxud müttəfiq İsrailə çətin ki, lazımdır. Bu həvəskar və tamamilə uğursuz siyasətçi, geosiyasətdən anlayışı olmayan Paşinyan nə vaxtdan İsrailin xarici siyasətinə dair məsləhətlər verir? Paşinyan yaddan çıxarır ki, İsrail Yaxın Şərq regionunda aparıcı qüvvə və bu regionda ən mühüm innovasiyalı oyunçudur. Siz gərək elə dardüşüncəli siyasətçi olasınız ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanı və dünyada yeganə yəhudi dövləti olan İsraili “terrorçuları dəstəkləməkdə” günahlandırasınız”, – deyə Arye Qut qeyd edir.

Bu məruzə Ermənistanda antisemitizmin hansı dərəcədə olmasını real şəkildə sübut edir. Heyif ki, Ermənistanda erməni faşistlərinin “göylərə qaldırılması” faktı həmin məruzədə öz əksini tapmayıb. Lakin biz İsraildə Azərbaycan diasporunun nümayəndələri kimi çalışacağıq ki, bu fakt gələnilki məruzədə öz əksini tapsın.

“Faşist və antisemit general Qaregin Njdeyə qoyulan abidənin açılış mərasimində Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın və sabiq müdafiə naziri Seyran Ohanyanın iştirakı faktı bir daha təsdiqləyir ki, onlar özlərini erməni faşisti və antisemit Njdenin əsl və həqiqi varisləri hesab edirlər.

Tarix və yəhudi xalqı İkinci Dünya müharibəsi zamanı, o cümlədən faşist Njdenin əli ilə yaradılmış 20 minlik erməni legionunun törətdiyi amansızlıqları heç vaxt yaddan çıxarmayacaq. Arxiv sənədləri ilə təsdiqlənən tarixi faktlar mövcuddur. General Njde başda olmaqla erməni legionunun məqsədi basqınlar keçirmək, yəhudiləri və alman ordusu üçün digər “yararsız”ları məhv etmək idi. Məhz erməni legionunun fəaliyyəti “sayəsində” Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, həmçinin Qərbi Krımın digər rayonları yəhudilərdən “tamamilə təmizlənib”. Görəsən bundan sonra biz müasir Ermənistanda erməni faşistini və antisemiti milli qəhrəman dərəcəsinə qaldırmalarına laqeyd baxa bilərikmi və bütün bunlardan sonra ermənilər biz israillilərə vicdan, əxlaq və ədalət dərsi keçir? Bundan sonra Ermənistanın bəzi “yəhudi” liderləri mənə sübut edəcəklər ki, Ermənistanda yəhudilərə və israillilərə qarşı antisemitizm və ədavət yoxdur?!”, – deyə Arye Qut heyrətlə soruşur.

www.yenicag.az

1185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv